Yaşasaydı 79 yaşını qeyd edəcəkdi FOTOLAR

Yaşasaydı 79 yaşını qeyd edəcəkdi FOTOLAR

Bu gün görkəmli Azərbaycan bəstəkarı, xalq artisti Rafiq Babayevin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində anadan olub. 1937-ci ildə Xalq Daxili İşlər Komissarlığı həbsxanasına salınmış atası güllələnmə cəzasına məhkum edilib. Lakin 1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılıb. Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusanı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olub. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınıb.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz, bu məktəbdə yaradıb. 1950-ci ildə həmin məktəbi bitərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olub, R.S.Levinanın sinfində təhsil alıb. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyib. O, caz musiqisi ilə də maraqlanıb və improvizasiya ustalığını təkmilləşdirib.

1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilib. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxıb. Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olub.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilib. Onlar birgə teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayıblar. Rafiq Babayev bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görüb. Bütün bu illər ərzində bəstəkar caz musiqisi sahəsində yaradıcı işini də davam etdirib, bu işlə fasiləsiz məşğul olub, caz festivallarında iştirak edib.

1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olub. Onun "Bayatı-kürd" ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilib. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K.Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstəriblər.

Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olub, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edib. Onun bütün yaradıcılıq fəaliyyəti həmişə gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə bağlı olub.

1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edib və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaradıb. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – qərbə və şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradıb.

1993-cü ildə Rafiq Babayevə Azərbaycanın xalq artisti adı verilib.

1994-cü il martın 19-da onlarca sakin, o cümlədən, qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oub. Belələrindən biri də Rafiq Babayev idi. Metro stansiyasında baş vermiş partlayış nəticəsində Rafiq Babayev həyatla vidalaşıb.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə