“Şahdağ“da Novruz sevinci

Baharın gəlişi və təbiətin oyanması ilə simvolizə olunan Novruz bayramı münasibətilə "Şahdağ" Turizm Mərkəzində mart ayının 18-dən başlayaraq, xüsusi Novruz əyləncələri təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, bayramı qarlı Şahdağ dağlarının yamacında, tam fərqli bir mühitdə keçirmək istəyənlər "Şahdağ" Turizm Mərkəzinə üz tuta bilərlər.

Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində turizm mərkəzini ziyarət edənlərin sayı artır. Bu il də milli və tarixi adət-ənənələrimizin yaşadıldığı, eləcə də, Şərq dünyasında yeni ilin başlanğıcı hesab olunan bu bayramı məhz "Şahdağ" Turizm Mərkəzində qarşılamaq istəyənlər buraya xeyli maraq göstərirlər. Bu amili nəzərə alaraq, Novruz bayramı münasibətilə elan olunan xüsusi təkliflər mart ayının sonunadək uzadılıb. Beləliklə, qış mövsümünün son günlərini daha yaddaqalan və maraqlı etmək istəyənlər üçün Şahdağın yamacları və yolları hər zaman açıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə