Fevralın 25-də saat 15.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Suraxanı rayon İcra Hakimiyyətində keçiriləcək tədbirdə iştirak edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbirdə teatrın yaradıcı heyəti "Arzu və Murad" tamaşası ilə çıxış edəcək.
Fevralın 26-da saat 14.00 və 16.00-da Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə Dövlət Gənc Tamaşaçılar Teatrında tədbir keçiriləcək. Tədbirdən əvvəl teatrın kollektivi "Ana fəryadı" abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini yad edəcəklər.
Daha sonra Sevinc Elsevərin "Ürəyində arzu tut" pyesi əsasında hazırlanmış "Arzu və Murad" tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.
Qeyd edək ki, Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB