Əliabbas Qədirovun xatirə gecəsi keçiriləcək

Əliabbas Qədirovun xatirə gecəsi keçiriləcək

Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əliabbas Qədirovun 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Azərbaycan teatr sənətinin istedadlı nümayəndələri sırasında görkəmli teatr və kino aktyoru, mərhum sənətçi, xalq artisti, dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Əliabbas Qulu oğlu Qədirovun layiqli yeri vardır.

O, 1964-1969-cu illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. 1970-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çalışan sənətçi burada yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb. Onun böyük ustalıqla ifa etdiyi Yusif ("Xəyyam", H.Cavid), Surxay, Balaş, Oqtay ("Aydın", "Sevil", "Oqtay Eloğlu", C.Cabbarlı), Heydər ağa, Vəli ("Hacı Qara", "Xırs quldurbasan", M.F.Axundzadə), Vaqif, Kürd Musa ("Vaqif", S.Vurğun), Nicat, Mir Cəfər Bağırov, Kərim bəy ("Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", İ.Əfəndiyev), Qazan xan ("Torpağa sancılan qılınc", N.Xəzri), Ferdinand, Qloster ("Fırtına", "Kral Lir", U.Şekspir), Şeyx Nəsrullah ("Ölülər", C.Məmmədquluzadə), M.F.Axundzadə ("Brüsseldən məktublar", H.Həsənov), Qara Xaqan ("Özümüzü kəsən qılınc", B.Vahabzadə), Nostradamus ("Hələ "sevirəm" deməmişdilər…", R.Novruz), Tağıyev ("Mesenat", Ə.Əmirli) və başqa obrazlar milli teatrımızın parlaq səhifələri kimi yaddaşlara həkk olunub.

Ə.Qədirov "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə uğurla çəkilib. Azərbaycan Milli Televiziyasında hazırlanmış bir çox teletamaşalarda maraqlı rollar oynamış aktyor, "Komediyalar aləminə səyahət" verilişinin ilk aparıcısı olub.

Ə.Qədirov 2002-2006-cı illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışıb.

Sənətçi 1982-ci ildə əməkdar artist, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1978-ci ildə "Sevinc buxtası" filminə görə o, dövlət mükafatı alıb.

Qeyd edək ki, Ə.Qədirov 2006-cı ilin mart ayında vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə