Xalq artisti Zərnigar Ağakişiyeva mükafatlandırılıb

Xalq artisti Zərnigar Ağakişiyeva mükafatlandırılıb

Xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyeva anadan olmasının 70 illiyi və teatr sənəti sahəsində xidmətlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, tanınmış aktrisa ömrünün 40 ildən çoxunu sənətə həsr edib.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir müddət institutun tədris teatrında aktrisa kimi çalışıb.

1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan Zərnigar Ağakişiyeva 2011-ci ilədək bu teatrın səhnəsində rəngarəng obrazlar qalereyası yaradıb. Aktrisa həmçinin, müxtəlif televiziya tamaşalarında ("Atayevlər ailəsi", "Mehmanxana sahibəsi" və s.), filmlərdə ("Dantenin yubileyi", "Qəm pəncərəsi", "Təhminə", "Yuxu" və s.) yaddaqalan obrazların, xarakterik rolların ifaçısı kimi tamaşaçılar tərəfindən sevilib.

Qeyd edək ki, Zərnigar Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2015-ci ildə "Cəfər Cabbarlı" mükafatı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə