Pianoçunun100 illiyi qeyd olunub

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi, professor Nigar Usubovanın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, gecədə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri çıxış edib.

Mərasimdə həmçinin Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə, habelə Həqiqət Məhərrəmova, Əfqan Salayev və başqalarının ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. Təqdim olunan musiqi nömrələri böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Nigar Usubova 1914-cü il mayın 2-də Qazax rayonunun Salahlı kəndində anadan olub. Azərbaycan Dövlət Sənaye İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O,1952-ci ildən ömrünün sonunadək konservatoriyada işləyib. Burada fortepiano kafedrasının dosenti, kafedra müdiri, tədris-elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. N.Usubova 1995-ci il sentyabrın 15-də Bakıda vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə