Səməd Vurğunun ev-muzeyində 40 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi xəbərə görə, mərasimdə çıxış edən muzeyin direktoru Nüşabə Vəkilova ev-muzeyin yaranma tarixindən danışıb. Bildirilib ki, muzey 1975-ci il oktyabrın 6-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Böyük şair bu evdə ömrünün son 2 ilini (1954-1956) yaşayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 40 ildir ki, səmərəli fəaliyyət göstərən Səməd Vurğunun ev-muzeyinin həcmcə böyük fondlara malik muzeylər kateqoriyasına aid olduğunu və burada zəngin eksponatların qorunub saxlandığını söyləyib: "Muzey yarandığı gündən ictimaiyyətlə sıx əlaqə qurub, burada müxtəlif sərgilər və tədbirlər, elmi sessiyalar keçirilib. Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən ekspozisiya daima təkmilləşdirilib, şairin övladları-Xalq Yazıçısı Yusif Səmədoğlu, Xalq Şairi Vaqif Səmədoğlu, qızı-Əməkdar Mədəniyyət İşçisi Aybəniz Vəkilovanın həyat və yaradıcılığına həsr olunmuş güşələr yaradılıb və yeni eksponatlarla zənginləşdirilib".
Tədbirdə Azərbaycan Milli Elmlər Akadmiyasının müxbir üzvü, əməkdar elm xadimi Nizami Cəfərov, xalq yazıçısı Anar, tanınmış yazıçı-publisist Elmira Axundova, filologiya elmləri doktoru Şirindil Alışanlı, muzeyin elmi işçisi, vurğunşünas alim Aslan Salmansoy və başqları unudulmaz şairin yaradıcılığından söz açıblar.
Qeyd edək ki, tədbirin sonunda Səməd Vurğunun sözlərinə S.İbrahimovanın bəstələdiyi mahnı, habelə şairin nəticəsi, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilovun fortepianoda ifa etdiyi musiqi səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB