“Portret” və “Cavanşir” filmləri nümayişi olunub

“Portret” və “Cavanşir” filmləri nümayişi olunub

Nizami Kino Mərkəzində "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi çərçivəsində "Portret" və "Cavanşir" filmləri nümayişi olunub. SİA-nın verdiyi xəbərə görə, filmlərin nümayişindən əvvəl çıxış edən Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova sənədli filmlər həftəsi haqqında məlumat verib. Bildirib ki, noyabrın 30-dək davam edəcək həftə çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi uğurunda canından keçmiş qəhrəman Vətən oğullarından bəhs edən filmlər nümayiş olunur. O, bu mövzuda olan filmlərin gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynadığını söyləyib. Qeyd edib ki, hər il keçirilən kinohəftə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası naminə şəhid olmuş igid oğullarımızın əziz xatirəsinin heç vaxt unudulmamasından xəbər verir.

A.Əhədova deyib ki, bu sənədli filmlər Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olunur.

Tədbirdə iştirak edən Sərdar Səfərovun bacısı Gülnaz Şəmşirli ölkəmizdə qəhrəman vətən oğullarına verilən yüksək dəyərə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Nizami Kino Mərkəzində "Milli Qəhrəmanlar" həftəsi çərçivəsində növbəti sənədli filminin nümayişi noyabrın 30-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə