Mədəniyyət və Turizm Nazirliyinin Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edən "Bölgələrdən paytaxta" layihəsinin növbəti təqdimatı Zaqatala rayonuna həsr olunub. SİA-nın verdiyi xəbərə görə, tədbir Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə noyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Zaqatalada istehsal olunan məhsulları, həmçinin xalça və əl işlərinin, ağac üzərində oyma işlərini, yerli rəssamların əsərlərini, eyni zamanda, rayonun sosial-iqtisadi inkişafını, turizm imkanlarını, zəngin mədəniyyətini, mətbəxini əks etdirən sərgi ilə tanış olublar.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Zaqatalanın təqdimatının layihə çərçivəsində reallaşdırılan doqquzuncu tədbir olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu layihə istedadlı gənclərin üzə çıxarılması, tanınması və gələcəkdə Azərbaycan mədəniyyətinə böyük töhfələr verməsi baxımından böyük əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, ölkə Prezidenti tərəfindən qəbul edilmiş, regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə, o cümlədən Zaqatalada yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Rayonda respublika səviyyəli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlər də təşkil edilir. Burada bir sıra millətlərin nümayəndələrinin yaşadığı vurğulanaraq bildirilib ki, rayonda tolerant mühit var.
Zaqatalanın 2013-cü ildə "Azərbaycanın folklor paytaxtı" seçildiyi, bununla bağlı bir sıra tədbirlərin keçirildiyi qeyd edilib.
Tədbirdə rayonun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra konsert proqramı təqdim olunub. Proqramda Zaqatala rayonunun "Şərq" instrumental ansamblı, uşaq incəsənət məktəbinin müəllimlərindən ibarət xor kollektivi, kənd mədəniyyət evlərinin "Qızılgül", "Alazan", "Sədəf", "Buta", "İngiloy", "Hudulki" rəqs qrupları, həmçinin kənd klublarının üzvləri çıxış ediblər.
"Bölgələrdən paytaxta" layihəsinin sonuncu təqdimatı Gəncəyə həsr ediləcək. Dekabrın 24-də isə Heydər Əliyev Sarayında layihə çərçivəsində cari il ərzində keçirilmiş tədbirlərdə iştirak edən rayonların ən yaxşı kollektivlərinin çıxışlarından ibarət yekun konsert proqramı təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB