Azərbaycan Hərb Tarixi Muzeyi və Azərbaycan İstiqlal Muzeyi ilə birgə görkəmli hərbi xadim, tam artilleriya generalı Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirilib. SİA-nın məlumatına görə, Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub. İlk təhsilini Bakı gimnaziyasında alaraq, ingilis, fransız və fars dillərinə yiyələnib. O, 1875-ci ildə Sankt-Peterburqdakı II Konstantinovka yunkerlər məktəbinə qəbul olur. Hərbi sahəyə olan güclü marağı və fitri istedadı sayəsində 1875-ci ilin dekabrında poruçik, 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alan Səməd bəy rus-yapon müharibəsi cəbhələrində - Port-Artur qalasının müdafiəsində Şərq cəbhəsinin baş artilleriya komandanı kimi qəhrəmanlıqlar göstərib və uğurlarının mükafatı olaraq çarın əmri ilə üzərində "İgidliyə görə" sözləri həkk edilmiş qızıl qılıncla mükafatlandırılmış, 1908-ci ildə isə tam artilleriya generalı rütbəsinə yüksəldilib.
1918-ci il dekabrın 25-də Səməd bəy hərbi nazir təyin edildi. O, ordu quruculuğunu sürətləndirmək məqsədilə yeni hərbi planlar və strateji təkliflər hazırlayır. Bu görkəmli generalın yorulmaq bilmədən gecə-gündüz səyləri nəticəsində qısa zaman ərzində orduda 24 min süngü, 6 min piyada, suvari topçu və sair qoşun növlərindən ibarət olan və ən müasir silahlarla təchiz edilmiş canlı qüvvə yaradılıb, Xəzər dənizində kiçik bir donanma təşkil olunub.
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli hərbi xadim Səməd bəy Mehmandarovun, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Azərbaycan Hərb Tarixi və İstiqlal muzeylərinin birgə keçirdiyi mərasimdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani bildirib ki, son bir ildə Prezident İlham Əliyev üç görkəmli sərkərdənin – general Əliağa Şıxlinskinin 150, diviziya komandiri Cəmşid Naxçıvanskinin 120 və general Səməd bəy Mehmandarovun 160 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Səməd bəy Mehmandarovun 160 illik yubiley tədbirlərinin keçirilməsinə Gəncə şəhərində start verilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə təşkilat komitəsi yaradılıb və təsdiq olunan tədbirlər planına əsasən, respublika səviyyəsində silsilə mərasimlər keçirilir. Yubiley tədbirləri ilin sonunadək davam edəcək.
Tədbirdə Müdafiə Nazirliyinin, Ali Hərbi və Hərbi Dəniz Məktəblərinin, Hərbi hissələrin, Hərbi Akademiyanın həmçinin şəhər muzeylərinin və digər idarə - müəssisələrin nümayəndələri iştirak edib.
Tədbirdə tam artilleriya generalı Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyətinə həsr olunmuş "Sərdar" adlı sənədli film nümayiş etdirilib və Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadənin, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini polkovnik Abdulla Qurbaninin, ekspozisiya rəisi Şəlalə xanım Hüseynovanın, Azərbaycan İstiqlal Muzeyinin Elmi – kütləvi işlər şöbəsinin elmi işçisi Gülay xanım Ramazanovanın və tədbirdə iştirak edən digər qonaqların çıxışları dinlənilib.
Tədbirin sonunda bədii hissədə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin nəzdində fəaliyyət göstərən "Mahnı və rəqs ansanblı"nın kollektivinin konserti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB