Bu gün Oman Sultanlığının paytaxtı Məskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb. Konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə açılış nitqi ilə çıxış edən ev sahibi ölkənin İrs və Mədəniyyət naziri Səyyid Haytam bin Tariq Əl Səid qonaqları salamlayıb və Oman Sultanı adından bildirib ki, İslam ölkələrini təmsil edən mədəniyyət nazirlərini qəbul etməkdən və bu tədbirə təşkilati dəstək göstərməkdən olduqca məmnunuq.
Daha sonra çıxış edən İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri bu Konfransda iştirak edən 40 ölkənin mədəniyyət nazirləri və nümayəndə heyətlərinə öz təşəkkürünü bildirib. O, həmçinin qeyd edib ki, İslam mədəniyyətinin inkişafı üçün məqsədyönlü siyasətin aparılması gündəmdədir və bunun üçün də İslam ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsində mədəniyyət mühüm rol oynayır.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Əmin Mədəni çıxış edərək İslam ölkələri ilə sıx əməkdaşlıq edən beynəlxalq təşkilatların birləşərək terror hadisələri nəticəsində dağıdılan İslam irs və mədəniyyətinin nümunələrinin qorunmasında daha da böyük güc sərf etmələrinin vacibliyini vurğulayıb. O, son zamanlar dünyada gedən islamafobiyadan və terror nəticəsində Avropaya axın edən qaçqınlara göstərilən münasibətdən narahatlığını ifadə edib.
Nəzərinizə çatdıraq ki, yaxın saatlarda Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı gözlənilir.
İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı 04 noyabr 2015-ci il tarixinədək davam edəcək.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB