Şöbə müdirlərinin işdən qovulması ilə bağlı RƏSMİ AÇIQLAMA

Şöbə müdirlərinin işdən qovulması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət əvvəl nazirliyin bir neçə rayon şöbələrinin müdirlərini vəzifədən kənarlaşdırıb, bəzilərinə isə töhmət verib. Nazirliyin şöbə müdirlərinin vəzifədən uzaqlaşdırılması işdə ciddi nöqsanlara yol vermələri, kadrların yerləşdirilməsində qanunsuzluq törətmələri ilə izah olunur. Şöbə müdirlərinin işdən çıxarılmasına səbəb onların dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəmələri olub.

Bununla bağlı SİA-ya Mədəniyyət və turizm nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, mədəniyyət və turizm nazirliyinin müvafiq komissiyası tərəfindən rayon mədəniyyət və turizm şöbələrində yoxlamalar aparılıb və komissiyanın təyin etdiyi arayış əsasında kollegiyanın qərarı ilə idarəçilikdə aşkar olunan nöqsanlara uyğun olaraq həmin şəxslər işdən azad ediliblər: "Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə işdən çıxarılanlardan biri də Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədov, digəri isə Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevdir. Bundan əlavə həmin rayonlarda mədəniyyət sahələrində fəaliyyət göstərən bir sıra əməkdaşlara töhmət verilmişdi. Belə ki, Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olundu. Onu da deyim ki, rayon-şəhər mədəniyyət və turizm şöbələrinin büdcəsi nazirlikdən ayrılmır. Yerli İcra Hakimiyyəti orqanları tərəfindən maliyyələşir və həmin dövrdə də nazirliyin yoxlaması ilə paralel olaraq bir sıra dövlət qurumları tərəfindən maliyyə yoxlamaları aparılıb. Sonda da belə bir nəticələr ortaya çıxıb. Bu hadisə iyul ayında baş vermiş və mətbuata bununla əlaqədar geniş rəsmi məlumat verilmişdi. Sonda onu da vurğulayım ki, rayon mədəniyyət və Turizm şöbələrinin rəhbərləri nazirliyin təqdimatı ilə yerli icra hakimiyyəti orqanları tərəfindən təyin olunur və yaxud da işdən azad edilirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə