"Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu"

"Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu"

Bu gün Balakən rayon Mədəniyyət Mərkəzində "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" mövzusunda zona görüşü keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 6 şəhər və rayonda, o cümlədən Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakəndə fəaliyyət göstərən 150-ə yaxın QHT nümayəndəsi və fəal gənclər, təhsil və mədəniyyət işçiləri iştirak edib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, Balakən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova və Mədəniyyət və Turizm şöbəsinin müdiri Şəfəq Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Nazirliyin sektor müdiri Rəşad Əliyev "QHT-lərlə əməkdaşlıq Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biri kimi", SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi İB-nin şöbə müdiri İradə Nəcəfova "SEBA Assosiasiyasının Qəbələ layihələri", "Qəbələ Regional Gənclərin Resurs Mərkəzi" İB-nin sədr müavini Malik Rəşidov "Qəbələ Regional Gənclərin Resurs Mərkəzinin mədəniyyət sahəsində fəaliyyəti", "Aktiv Gənclər" Klubunun rəhbəri Sərxan Hacıyev "Gənclərin asudə vaxtlarının səmərəli təşkilində QHT-lərin rolu" mövzusunda məruzə ediblər. Məlumat verilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində sahə üçün mahiyyət etibarı ilə yeni sayıla biləcək istiqamət müəyyənləşdirilib ki, bu da mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lər ilə əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir.
Bildirilib ki, bu istiqamətdə müəyyən təhlillər və araşdırmalar aparılıb, eləcədə, Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilən "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası"nın icrasını təmin etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb və ilk müsabiqələr ilə bağlı elanlar verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan müsabiqəyə qeyri-hökumət təşkilatları tərəfindən 86 layihə göndərilib. Artıq mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2016-cı il üçün müsabiqə elanı da verilib və müsabiqəyə 95 layihə təqdim edilib. Hazırda qaliblərin seçilməsi üçün layihələr Müsabiqə Komissiyasına təqdim edilib. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən region QHT-ləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması planlaşdırıb.
Nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev layihələrin prioritet mövzuları, layihələrin təqdimetmə qaydaları, layihələrin formalaşmasında regionların xüsusiyyətlərinin nəzərə alınması, QHT-lərin nazirliklə münasibətlərini tənzimləyən qanunvericilik bazası barədə məlumat verib. Tədbirdə mədəniyyətimizin təbliği işində QHT potensialının təhlili, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilə biləcək dəstək və birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, əməkdaşlıq formalarının müəyyən olunması və gənclərin QHT-lərdə fəallığının artırılması məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə