Yaponiyanın "Sülh naminə Daş Hirosima Assosiasiyası" təşkilatı və Yaponiyanın "Kyodo News" informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə "Sülh naminə Daş" adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə edib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 16 oktyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiyanın "Sülh naminə Daş Assosiasiyası" təşkilatı tərəfindən Azərbaycan Respublikasına hədiyyə edilmiş "Sülh naminə Daş" adlı xatirə simvolunun təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində respublikanın dövlət və hökumət rəsmiləri, Yaponiyanın "Sülh naminə Daş Hirosima Assosiasiyası" təşkilatı və Yaponiyanın "Kyodo News" informasiya agentliyinin nümayəndə heyəti, habelə Bakı şəhərində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak edəcəklər.
1945-ci ilin 6 avqustunda Yaponiyanın Xirosima şəhərinin səmasında atom bombası partladı. Minlərlə dinc insan bu vaxta qədər görünməmiş dəhşətli faciənin qurbanına çevrildi. Artıq bu faciədən 70 il ötməsinə baxmayaraq, onun yaratdığı fəsadları hələ də bir çox insanlar öz üzərində daşıyırlar. Xirosima qurbanlarının xatirəsi hər il Yaponiyada dərin hüznlə yad edilir.
Azərbaycanla bərabər artıq bir çox ölkələrə hədiyyə edilmiş daş üzərində təsvir edilən əbədi sülh arzulayaraq dua edən Kanon ilahəsi monolit yonulmuş relyefli baş şəklindədir. İlahənin obrazı 3/4 sağa doğru çevrilmiş, budda ikonoqrafiya incəsənəti ənənəsində, çiyninə tökülmüş şinyonla bəzədilmiş saçları üzərində yoqa duruşunda Buddanın təsviri yonulmuş, qulaqlarında dairəvi sırğalar, sinəsi 9 iri dairəvi muncuqlarla bəzədilmişdir.
"Sülh naminə Daş" adlı xatirə simvolunun Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilməsi atom faciəsi qurbanlarına hörmət rəmzi olmaqla yanaşı Azərbaycan-Yapon mədəni əlaqələrinin inkişafına yeni töhfədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB