Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 143-cü teatr mövsümünü İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında, Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanmış "Qarabağnamə" tamaşası ilə açıb. SİA-nın məlumatına görə, tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbəri-baş rejissoru Azərpaşa Nemət yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik edib bildirib ki, bu gün teatr üçün əlamətdar gündür: "Bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gəncədə yeni teatr mövsümü başladı. Bu gün həmçinin, bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovun 130 yaşı tamam olur. Bu əlamətdar hadisələrin davamı kimi Akademik Milli Dram Teatrı da öz qapılarını teatrsevərlərin üzünə açıb".
Azərpaşa Nemət xalq artisti İlham Əsgərovun dünyasını dəyişməyini teatr sənəti üçün ağır itki olduğunu söyləyib. Diqqətə çatdırıb ki, bir neçə il əvvəl Azərbaycan mədəniyyəti Yaşar Nurini, Siyavuş Aslanı və başqa sənətkarlarını itirdi: "İlham Əsgərovun dünyasını dəyişməyi bizim kollektivi çox sarsıtdı. Ona Allahdan rəhmət diləyir, yaxınlarına və doğmalarına səbr diləyirik".
Daha sonra "Qarabağnamə" tamaşası nümayiş olunub.
Qeyd edək ki, tamaşada xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, Hacı İsmayılov, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Elşən Cəbrayılov, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Şəhla Əliqızı, Ləman İmanov, Sərdar Rüstəmov, Anar Heybətov, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnur Qədirov, Rada Nəsibova, Elnar Qarayev və Nigar Məmmədova çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB