Azərbaycan TÜRKSOY obyektivində FOTO

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində müxtəlif nəşrlərin təqdimatları keçirilir. SİA-nın məlumatına görə, belə tədbirlərin biri Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un stendində gerçəkləşib. Burada təşkilatın ənənəvi layihələrindən olan "Türk dünyası fotoqrafların görüşü"nə həsr olunmuş albomun təqdimatı oldu.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında "Türk dünyası fotoqrafların görüşü" Azərbaycanda baş tutmuşdu. Təqdim edilən "TÜRKSOY obyektivindən Azərbaycan" adlı albomda fotoqrafların ölkəmizin müxtəlif bölgələrində çəkdikləri şəkillər yer alıb.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bildirib ki, layihədə 20 fotoqraf iştirak edib: "Fotolarda Bakının memarlıq abidələri, insanların sosial həyatı, binalar və s. əks olunub. Fotoqraflar 3 gün Bakıda çalışdıqdan sonra onları 4 qrupa bölüb müxtəlif bölgələrə getdilər. Sonra bütün şəkillər Bakıda sərgidə nümayiş etdirildi. Hər fotoqrafın 15 şəkli seçilərək "TÜRKSOY obyektivindən Azərbaycan" adlı kitaba daxil edildi. Kitab TÜRKSOY və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub. Nəşrin ön sözü Prezident İlham Əliyevin TÜRKSOY-un 20 illik yubileyinə ünvanladığı mesajdır. Albom ilk növbədə Azərbaycan dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim edilib. Eyni zamanda müxtəlif türk ölkələrinə göndərilib. Həmçinin Ankaraya, qurumun baş ofisinə gələn qonaqlara təqdim olunub".

E.Qafarlı həmçinin albomun ərsəyə gəlməsinə verdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli TÜRKSOY-un layihəsinin əhəmiyyətindən danışdı və bildirdi ki, bu həm də türkdilli ölkələrin nümayəndələrinin bir araya gəlməsi üçün böyük imkandır: "Layihə çərçivəsində Azərbaycanın görməli, tarixi və mədəni məkanları dünyaya çatdırılır. Azərbaycan bu layihədən bir nümunə götürə bilər və gələcəkdə fotoqraflarımız başqa ölkələrə gedib oranın mühüm obyektlərindən fotolar çəkərək Azərbaycanda tanıda bilərlər. Bu həm də bizim fotoqraflarımızın təcrübələrinin artmasına səbəb olar. Foto sənəti həm də bir yaradıcılıqdır".

Tədbirdə "Fotoqraflar görüşü"nün iştirakçıları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Sonda "TÜRKSOY obyektivindən Azərbaycan" albomu tədbir iştirakçılarına paylandı.

Bütün xəbərlər Facebook səhifəmizdə