Bəyimxanım Vəliyeva fəxri ad aldı

Prezident İlham Əliyevin Sərəncamı ilə Vəliyeva Bəyimxanım Ənvər qızı "Əməkdar artist" fəxri adı ilə təltif olunub. Xəbərdə deyilir ki, Bəyimxanım Vəliyeva Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Bəyimxanım Vəliyeva 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olub. İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında "Nargilə" mahnısı ilə çıxış edib. 2007-ci ildə Azərbaycan Dövlət Milli Konservatoriyasının "Solo oxuma" fakültəsinə Ağaxan Abdullayevin muğam sinifinə daxil olub, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirib, elə həmən il də Konservatoriyanın magistr pilləsinə daxil olub və 2013-cü ildə magistraturanı fərqlənmə ilə başa vurub.

1994-cü ildə Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə "Ananın səsi" mahnısı ilə 1-ci yerə layiq görülüb.

1996-cı ildə keçirilən "7-17" müsabiqəsinin qalibi, 1997-ci ildə "Pöhrə-97" müsabiqəsinin laureatı, 1997-ci ildə keçirilən "İstedadlar axtarırıq" müsabiqəsinin Fəxri Diplomuna layiq görülüb.

1998-ci ildə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi II "Uşaq Muğam festifalı"nın Diplomuna, 1999-cu ildə "Amoco" qrupunu təşkil etdiyi III "Uşaq Muğam Festivalı"nın Diplomantı adına layiq, 1999-cu ildə "Muğam" Assosiasiyasının təşkil etdiyi "Muğam-99" Respublika müsabiqəsinin III dərəcəli laureatı fəxri adına, 1999-cu ildə "Rezonans" qəzetinin "Ulduzlar" devizi altında xalq musiqisi və estrada mahnıları ifaçılarının "Mahnı-99" müstəqil müsabiqənin yekunlarına görə "İlin Pöhrəsi" nominasiyasına, 2000-ci ildə keçirilən Gənc muğam ustalarının müsabiqəsində III dərəcəli laureat adına, 2001-ci ildə keçirilən "Muğam-2001" Müsabiqəsinin I dərəcəli diplomuna, 2002-ci ildə keçirilən Respublika Muğam müsabiqəsinin "Qran-pri" mükafatına, 2004-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Orta ixtisas musiqi məktəblərinin IX Respublika müsabiqəsinin II dərəcəli Diplomuna, 2005-ci ildə Respublika üzrə "Space" telekanalında keçirilən "Üzeyir Hacıbəyov-120" 1-ci televiziya muğam müsabiqəsinin laureatı olub, 2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi "Bakı Gecələri" estrada mahnı müsabiqəsində "Ən yaxşı səhnə mədəniyyəti" nominasiyasına, 2009-cu ildə keçirilən Beynəlxalq müsabiqənin Diplomantı adına layiq görülüb.

2000-ci il ildən bu günə kimi Azərbaycan muğamını Azərbaycandan kənarda Avropa ölkələrində təmsil etmişdir. 2000-ci ildə Fransa və Almaniyada 1-ay müddətində keçirilən silsilə konsert proqramlarında, 2002-ci ildə Türkiyədə keçirilən "Azərbaycan mədəniyyət günləri"ndə, 2003-cü ildə Yaltada keçirilən "Yalta-2003" müsabiqəsinin Fəxri diplomuna, 2004-cü ildə Qırğızıstanda keçirilən "İssık-Kul Ulduzları" adlı festivalın Fəxri Diplomuna, 2006-cı ildə Qazaxıstanın Aktau şəhərində keçirilən "Xəzəryanı Ölkələrin Musiqi Festivalı"nda 2-ci yerə və Gümüş medala layiq görülüb, 2007-ci ildə ABŞ-ın bir çox ştatlarında Nyu-York, Vaşinqton, Nyu Orlean, Vest Vercinia da keçirilən "Azərbaycan Mədəniyyət Günləri"ndə, 2008-ci ildə Kanadada keçirilən "Niaqara" festifalında, 2008-ci ildə İsveçrədə keçirilən "Azərbaycan Mədəniyyət Günləri"ndə, 2009-cu ildə Brusseldə keçirilən "Azərbaycan Mədəniyyət Günləri"ndə, 2009-cu ildə İsrailin Yerusəlim şəhərində keçirilən festivalda İzrail musiqiçiləri ilə sintez 2-saatlıq muğam konserti verib, 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyində "Azərbaycan Mədəniyyət Günləri"ndə çıxış edib, Dəfələrlə Moskva, Ukrayna, Sibir, İngiltərə, Türkiyə, Lelinqrad və s. keçirilən "Azərbaycan Mədəniyyət günləri"ndə Azərbaycan muğamını və mahnılarını layiqincə təmsil edib.

2009-cu ildə Bəstəkar Süleyman Ələsgərov adına mükafatın laureatı adına layiq görülüb. 2011-ci ildə Zirvədəkilər mükafatı üzrə "Xalq musiqisi janrında İlin qadın müğənnisi" nominasiyası ilə təltif olunub. 2012-ci ildə "Yaxşıların Yaxşısı" milli mükafatında "Xalq musiqisi janrında ən yaxşı gənc ifaçı" nominasiyası üzrə təltif olunub. 2006-cı ildən 2009-cu ilə qədər Azərneftyağ Səhmdar Cəmiyyətinin nəzdindəki "Mədəniyyət evi"ndə solist kimi fəaliyyət göstərib. 2006-cı ildən 2010-cu ilə qədər isə Azərbaycan Dövlət Muğam Teatrının solisti vəzifəsində çalışıb.

2012-ci ilin oktyabr ayından indiyə qədər Azərbaycan Dövlət Televiziyasının solisti, 2012-ci ilin dekabr ayından Azərbaycan Milli Konservatoriyasında "Konsertmeyster-müəllim" vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə