Lənkəranda "Ölümə qənşər" sənədli-bədii filminin təqdimatı oldu

Lənkəranda "Ölümə qənşər" sənədli-bədii filminin təqdimatı oldu

Lənkəranda Milli Qəhrəmanlarımız — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən ""Ölümə qənşər" sənədli-bədii filminin təqdimatı olub. SİA-nın Cənub bürosunun məlumatına görə, film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında baş tutan tədbirdə "N" saylı hərbi hissənin əsgər və zabitləri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təqdimat mərasimi dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edənlər bildiriblər ki, belə filmlərin hazırlanmasında məqsəd torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini növbəti dəfə yad etmək və gənclərimizi hərbi-vətənpərvərlik ruhunda tərbiyə etməklə milli, mənəvi və əxlaqi dəyərləri təbliğ etməkdir.

Layihənin rəhbəri Venera Əsgərova çıxış edərək bildirib ki, şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş, əlil olmuş vətəndaşlarımızın sosial məsələlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzində olan vacib məsələlərdəndir. Şəhidlərimiz unudulmur, onların həyatı, keçdiyi döyüş yolu haqqında sənədli, bədii filmlər çəkilir, kitablar yazılır, ədəbi-bədii tamaşalar hazırlanır. Şəhid adları əbədiləşdirilir. Daha sonra filmin nümayişi olub.

Film qəhrəmanların ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri, təəssüratları əsasında Qazax, Ağstafa və Quba rayonlarında lentə alınıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə