Latviya nümayəndələri ATMU-da oldular

Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyətə başladığı ilk illərdən dünyanın nüfuzlu ali məktəbləri ilə profilinə uyğun istiqamətlər üzrə ikitərəfli əlaqələrin qurulub-inkişaf etdirilməsinə böyük maraq göstərir. ATMU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərdə bildirilir ki, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov qeyd edilən açıqlamanı Latviya Respublikasında fəaliyyət göstərən Baltik Beynəlxalq Akademiyasının nümayəndələri Marina Qunare və Ekaterina Quselnikova ilə rəhbərlik etdiyi ali təhsil ocağında keçirilən görüşdə deyib. Rektor Cəfər Cəfərov söhbət əsnasında Azərbaycan Turizm və Menecment Universitetinin 10-illik tarixində təhsil və təcrübə modelinin ixtisaslı kadr hazırlığına müsbət təsiri, beynəlxalq təşkilatlarla əlaqələrin dinamik inkişafı, o cümlədən strateji məqsədləri hədəfləyən planlar barədə qonaqlara ətraflı məlumat verib. Universitetdən verilən məlumata görə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru C.Cəfərov və Latviya Baltik Beynəlxalq Akademiyasının "Turizm və otelçilik", "Bakalavr və magistr" proqramlarının rəhbəri M.Qunare ali təhsil ocaqları arasında əməkdaşlıq sahəsində bağlanacaq ikitərəfli anlaşma paketində əksini tapması planlaşdırılan ATMU tələbələrinin Latviyanın nüfuzlu otellərində təcrübə semestrinin təşkili məsələsinin də uğurla həll olunacağına inam ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...