“Xortdanın cəhənnəm məktubları” Kalmıkiyada (FOTOLAR)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ötən – 87-ci teatr mövsümündə hazırlanmış "Xortdanın cəhənnəm məktubları" tamaşası böyük əks-sədaya səbəb olub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı povesti əsasında hazırladığı tamaşa yerli mətbuatla yanaşı, xarici mətbuatda da yetərincə səs sala bilib.

Ölkəmizdə fəaliyyət göstərən bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində kifayət qədər işıqlandırılan səhnə əsəri haqqında Kalmıkiyanın "Калмыцкая правда" qəzetində "Вечные истины в постановке Бориса Манджиева" başlıqlı yazı dərc olunub.

Yazıda iki ölkə teatrı arasında imzalanmış qarşılıqla yaradıcılıq müqaviləsi, müqaviləyə uyğun olaraq həyata keçirilən qastrol səfərləri, qarşılıqlı rejissor mübadiləsi, eləcə də tamaşanın müvəffəqiyyəti, aktyorların peşəkar ifaları haqqında geniş məlumat verilib.

Uşaqlıqdan bir yerdə böyüyən Gövhərtac və Fərmanın bir-birinə olan saf və təmənnasız məhəbbəti, valideynlərin bu hisslərə laqeyd münasibəti, var-dövləti daha üstün bilmələri, İblisin öz adına layiq hərəkətləri, cəhənnəmə gedən yolda baş verən hadisələr yazarın yozumunda öz maraqlı həllini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə