Nazir beynəlxalq konfransda çıxış etdi

Nazir beynəlxalq konfransda çıxış etdi
Xəbər verdiyimiz kimi, İtaliyanın Milan şəhərində keçirilən "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, konfransda çıxış edən nazir Əbülfəs Qarayev bu gün "Mədəniyyət" anlayışının sürətlə yayıldığını, ölkələr və xalqlar arasında yeni dəyərlərin, yeni həll yollarının axtarılmasında və mövcud problemlərin həll edilməsində mühüm rol oynadığını bildirib.

Nazir ölkəmizdə multikulturalizm ənənələrinin uzunmüddətli ənənələrə söykəndiyini bildirmiş, bu il 3-cü dəfə ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi I Avropa Oyunlarının dünyanın müxtəlif hissələrindən olan mədəni və dini müxtəliflikləri bir araya gətirdiyini bildirib.

Milan Expo 2015 sərgisində yer alan Azərbaycan pavilyonundan bəhs edən nazir 3 müxtəlif biosferi özündə birləşdirən pavilyona daxil olunan zaman ziyarətçilərə müxtəlif mədəniyyətlərin yanaşma təcrübəsini görməyə imkan verdiyini vurğulayıb.

Həmçinin çıxışı zamanı Nazir Əbülfəs Qarayev hər kəsi 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə