Multikulturalizm Mərkəzi təqdimat keçirib FOTO

Multikulturalizm Mərkəzi təqdimat keçirib FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə, Layihələr şöbəsinin müdiri Hikmət Babayev və mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin həmkarlar ittifaqı komitəsinin sədri Şahin İsmayılov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Mərkəzin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə iştirakçılara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə məlumat verərək Azərbaycan multikulturalizmi ənənələrindən danışıb və multikulturalizmin bizim həyat tərzimiz olduğunu vurğulayıb. Nəriman Qasımzadə xarici və yerli ali təhsil müəssisələrində "Azərbaycan multikulturalizmi" fənninin tədrisindən söhbət açıb və qeyd edib ki, növbəti semestrdən bu fənnin Azərbaycan Memarlıq və İnşaat universitetində də tədris edilməsi mümkün olacaq.

Mərkəzin Layihələr şöbəsinin müdiri Hikmət Babayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə iştirakçılara ətraflı məlumat verib. Bu layihələr sırasında "Azərbaycan multikulturalizmi" fənnin xarici və yerli universitetlərdə tədris edilməsi, bu fənni tədris edən müəllimlər üçün təlimlərin təşkil edilməsi, xarici universitetlərdə "Azərbaycan Multikulturalizmi" mövzusuna dair müxtəlif formatlı elmi konfransların, dəyirmi masaların keçirilməsi, xarici ölkələrin intellektual və administrativ məkanlarında birdəfəlik mühazirələrin oxunması və "Azərbaycan Multikulturalizmi" fənni tədris edilən tələbələr üçün yay məktəblərinin təşkil edilməsi də var.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli ölkəmizdə multikulturalizm sahəsində dövlət siyasətindən və görülən işlərin əhəmiyyəti haqqında söz açıb və maarifçilik sahəsində kitabların, elmi nəşrlərin, jurnalların hazırlanmasından danışıb.

Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin həmkarlar ittifaqı komitəsinin sədri Şahin İsmayılov, Nəqliyyat kafedrasının dekanı Elçin Yusifzadə, İctimai Fənnlər kafedrasının baş müəllimi Kəramət Mirzəyev, həmin kafedranın dosenti Zəminə Əsgərova və Elmi tədqiqat şöbəsinin müdiri Könül Əliyeva çıxış edərək çağdaş dönəmdə Azərbaycan multikulturalizminin önəmindən və ali təhsil ocaqlarında multikulturalizmin tədrisinin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, görüşün sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə