Avropa Oyunları ilə bağlı sərgi təşkil edilir

Avropa Oyunları ilə bağlı sərgi təşkil edilir

"Azərbaycan Milli İncəsənət Muzeyi "Bakı-2015" I Avropa Oyunları zamanı ölkəmizə gələn xarici qonaqları və paytaxt sakinlərini yüksək səviyyədə qarşılamağa hazırlaşır". Bu haqda SİA-ya Muzeyin şöbə müdiri Əminə Məlikova məlumat verib. Bildirib ki, "İdman və İncəsənət" adlı sərgi təşkil olunacaq: "Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında müxtəlif dövrlərə aid olan Azərbaycan rəssamları tərəfindən "İdman və İncəsənət" mövzusunda yaradılmış sənət əsərlərindən ibarət sərgi təşkil olunacaq. Bizdə hər zaman 3 dildə, rus, ingilis və Azərbaycan dilində bələdçilər var. Onlar da xarici qonaqların xidmətində olacaq. Həmçinin xüsusi kitabçalar da turistlərin istifadəsinə veriləcək".

Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı xəzinədir. 17.000 artıq sənət abidəsinin mühafizə edildiyi bu xəzinənin fəaliyyət tarixi zəngindir. 1936-cı ildə incəsənət şöbəsi Azərbaycan Dövlət Muzeyinin tərkibindən ayrılıb, Xalq Komissarları Sovetinin qərarı ilə müstəqil muzey kimi təşkil edilib. Muzeyə ilk eksponatlar ekspedisiyalar zamanı və əhalidən satın alınma yolu ilə toplanıb. 1937-ci ildə muzeyin ilk ekspozisiyasının açılışı olub. Muzey 1951-ci ildə isə XIX əsrin axırlarında barokko üslubunda inşa edilmiş Deburun malikanəsinə köçürülüb. 2006-cı ildə muzeyə ayrılmış yeni binada əsaslı təmir işləri başlanıb və 2009-cu ildə yeni ekspozisiyanın açılışı olub. 2011-ci ildə muzeyə Milli, eləcə də həmin ildə Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdil qərarı ilə beynəlxalq standart və kriteriyalara cavab verən, muzey anlayışına uyğun, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik Avropa Muzey Standartı (EUMS) statusları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə