YUNESKO-ya üzv olan bütün ölkələrdə olduğu kimi, ölkəmizdə də hər il 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü geniş şəkildə qeyd edilir. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə paytaxt Bakı ilə yanaşı respublikamızın bir çox bölgələrində də müxtəlif formatlı layihələr icra edilir, nazirliyin qoruq və muzeylərində 18 aprel tarixində açıq qapı günləri keçirilir.
Həmçinin bu il 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Mədəniyyət və Turizm Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan "İrs günləri" adlı layihəyə start verilib. Layihənin əsas məqsədi tarixi ərazilərdə qorunub saxlanılan irsin geniş kütlələr arasında təqdimatı, eyni zamanda qoruqlar arasında mübadilələrin aparılmasıdır.
Festivalın İlk tədbiri - Qala Dövlət Tarix-Etnoqrafiya qoruğu ərazisində Lahıc Dövlət tarix-mədəniyyət qoruğunun təqdimatıdır.
Festivalda sənətkarlıq mərkəzi olan Lahıc kəndində, eləcə də Qalada misgərlərin, zərgərlərin, xalçaçıların, həkkakların, naqqaşların və başqa sənət ustalarının yaratdıqları maddi-mədəniyyət və sənətkarlıq nümunələri, yerli məhsullardan hazırlanmış mürəbbələr, milli və yerli mətbəxə aid təamlar və onların hazırlanma prosesi nümayiş olunacaq. Bütün bunlar ziyarətçilərə Azərbaycan regionlarının özlərinə məxsus xüsusiyyətləri ilə yanaşı bir daha ölkəmizin fərqli bölgələrinin sıx bağlılığı və bənzərliyini göstərmək baxımından olduqca əhəmiyyətlidir.
Festivalda Qalalı sənətkarların ifasında muğam musiqisi, qəzəllər, Lahıc folklor qrupunun ifasında tütək, dəf və başqa xalq çalğı alətlərində solo ifalar, milli rəqs nümunələri təqdim olunacaq. Əntiq Əşyalar Muzeyinin qarşısında Qala və Lahıc kəndlərini əks etdirən rəsm əsərləri və fotostendlərin sərgilənməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB