Üzeyir Hacıbəylinin 96 yaşlı məqaləsi

Üzeyir Hacıbəylinin 96 yaşlı məqaləsi

Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli 96 il bundan əvvəl (1919-cu il) "31 mart Soyqırımı" ilə bağlı yazdığı məqaləni SİA oxucularına təqdim edirik:

Rus mütləqiyyət istibdadını kökündən yıxmış olan rus inqilabi kəbiri mütləqiyyətin zəncir əsarətinə qıfıllar olmuş olan millətləri azad etdi. Əsrlərcə zəncirbənd qalmış olan zavallı millətlər uyuşmuş bədənlərinə bir hərəkət verib, qol – qanadını açmaq istəyirdi ki, mütləqiyyət istibdadı əvəzinə Rusiyada bolşevizmin istibdadı çaygir olub, bədbəxt millətləri təkrar əsarət zəncirinə vurmaq əməlinə girişdi.

Bolşevizm amalına qarşı müqavimət göstərmək istəyənlərə böylə yaşamağa "qrajdan" müharibəsi açan və istiqlal üzrə yaşamaq istəyinə böylə yaşamağa haqqı olanlarla dəxi cəngə girişən rus bolşevizmi "Azad millətlər" şüarını həqarətlə tapdalayıb, bu millətlər füqarəyi – kasibəsinin və demokratiyanın canını və malını dəmir və atəşə tutmaqdan çəkinmədilər.

O idi ki, rus bolşevizmi araya bir "qrajdanski" və bir də milli olmaq üzrə iki rəngli müharibə salıb, çaylarca qanlar axıtdı. Milyonlarca bəşər övladını tələf etdi, yüz minlərcə evlər viran qoydu və bu qanlı vaqeədən hasil olan təəssürat, təbii, böylə bir əqidə törənməsinə səbəb oldu ki, rus inqilabı yalnız bir rusluğa müxtəs olub, çarizm istibdadını qaldırmaqla deyil, ümum millətləri, bəlkə, rus xalqını bu istibdad təhtindən qurtarıb, digər millətləri təkrar əsarət altında baqi saxladı. Yalnız bir fəqər bu oldu ki, bu əsirlərin keşikçiləri əvvəl rus çarizmi idi, bu səfər isə rus bolşevizmi oldu. Hər halda əsirlik aradan götürülmədi. Qurd əlindən qurtarılmış quzu qurtaranın yemi olmaq məcburiyyətində qaldı.

Bir əsr bundan əvvəl müstəqil yaşamaqda olan azəri türkləri rus istibdadının yıxıldığını görüb, təkrar müstəqil yaşamaq ümid fərəhbəxş ilə şad olub, istiqlala hazırlaşmaq üçün fədakarlıqla bulunmağa başladılar. Lakin yeni hakimlərimiz bu fikrimizi duyub, həmandəm əks tədarükat görməyə iqdam edib, "biz sizə istiqlal əvəzinə xarabazarlar verərik, torpağınızda daşı daş üstə qoymarıq" – deyə barmaq işarəsi ilə hədələdilər.

İstiqlalımıza qarşı itxaz edilmiş sui-qəsdlərində özlərini "inqilabçılıq" nöqteyi nəzərindən haqlı göstərmək niyyəti ilə adımızı "kontrrevolyusoner" qoyub, hücuma hazırlandılar, hazırlanıb da, başımıza mart fəlakətini gətirib, hədələrinə müvafiq olaraq paytaxtımızı xarabazara döndərdilər.

Çarizm zənciri əsarətindən yenicə qurtulmuş olan azəri türkləri bir əsr müddətində əsarətin ağırlıqlarından o qədər zəif düşmüşdü ki, istiqlalını müdafiə etməyə və istiqlal düşmənlərinə qalib gəlməyə qüdrəti yox idi. Bu, zəiflik deyil, yalnız maddi və cismani qüvvətimizi, bəlkə, bütün mənəvi və ruhani qüvvələrimizi də şamil olub, bədənimizin bütün qüvveyi-ruhaniyyə və cismaniyyəsini atil qoymuşdu və bu ətalət o dərəcə idi ki, özümüzü müdafiə vəziyyətinə salmağa dəxi qüdrətimiz olmayıb, düşmənin hücum və təərrüzləri qarşısında üryan bir bədənlə əli-qolu bağlı yıxılıb, ölüm-dirim məsələmizin o tövr və ya bu tövr həlli düşmənin rəhminə və ya rəhmsizliyinə bağlı idi.

Bundan fəna bir hal olmaz ki, sənə qarşı təcavüz edilə və sənin də bu təcavüzü dəf etməyə heç bir vəsilən olmaya.

Bakı müsəlmanları mart günlərində bu halda idilər.

Və əgər türklər, Osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə idilər, azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb, müdafiəyə hazır olmağa fürsət tapınca deyil, bir Bakıda, Şamaxıda, bəlkə, ümum Azərbaycanda daş-daş üstə qalmazdı...

Keçən keçdi, olan oldu. Mart hadisəsi Azərbaycan tarixində mühüm bir səhifə işğal edib, azəri türklərinin istiqlal yolunda can verib, qan tökdüklərini gələcək nəslə oxutduracaq. Bugünkü vəzifəmiz isə o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırıq ki, bu hadisələr bir də təkrar edərsə, müdafiəsinə qadir olalım. Bunun üçün həm hökumətimizin və həm də millətimizin çalışması lazımdır. Bu gün istiqlal ilə yaşayıb da bu neməti-üzəmadən istifadə ediriksə, də, özümüzü xaricən əmin –amanlıqda bilmək və istiqlalımızın ibqasını təmin etmək üçün müdafiəyə hər an hazır və amadə olmalıyıq. Biz indi öz müqəddəratımızı öz əlimizə aldıq, borcumuz bu müqəddəratı gələcəkdə zühuri möhtəməl olan hər növ təcavüzətdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə