Bu gün Mədəniyyət və Turizm Nazirliyində "Milan EXPO 2015" beynəlxalq sərgisində İtaliya pavilyonunun nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Nazir qonaqlara Azərbaycanın mədəniyyət və turizm sahəsindəki uğurları haqqında məlumat verdi və Azərbaycanın son illərdə bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb. Bildirib ki, bu tədbirlər zamanı ölkənin mədəni və turizm imkanları geniş şəkildə tanıdılıb.
Qeyd olundu ki, mayın 1-dən oktyabrın 31-dək keçiriləcək "Milan EXPO 2015" beynəlxalq sərgisində milli pavilyonun hazırlanması istiqamətində işlər başa çatmaq üzrədir. Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaş Heydər Əliyev Mərkəzidir. 30 milyonadək ziyarətçinin iştirakı ilə "Planeti qidalandırmaq, həyat üçün enerji" devizi altında keçirilən sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlıqlı qidalanmaya diqqəti cəlb etməkdir.
Sərgidə "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlı milli pavilyonumuz ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyi nümayiş etdirəcək. Milli pavilyonda ölkəmizin flora və faunası haqqında təqdimatlar Azərbaycanı Avropa ictimaiyyətinə tanıdacaq.
Nümayəndə heyətinin rəhbəri İnyazio di Pace səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirdi. İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin dinamik inkişafının şahidi olduğu üçün məmnunluğunu diqqətə çatdırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB