Aşıq Əhlimanın yubileyi qeyd edilib

Aşıq Əhlimanın yubileyi qeyd edilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimovun 60 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Aşıq Əhlimanı 60 illik yubileyi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb. Bildirilib ki, Ə.Rəhimov 1955-ci il martın 10-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Hazırda vaxtilə təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətini elmi əsaslarla tədris edir.

Şirvan aşıq məktəbinin qədim ənənələrindən söz açan Zəlimxan Yaqub diqqətə çatdırıb ki, bu ənənələr Aşıq Əhliman kimi sənət adamlarının timsalında yüksək səviyyədə, ləyaqətlə qorunur və davam etdirilir.

Tədbirin aparıcısı, professor Qəzənfər Paşayev Aşıq Əhliman Rəhimovun sənət yolundan, ifaçılıq məharətindən, gənc aşıqların yetişməsindəki xidmətlərindən söz açıb.

Tədbirdə ustad aşığın sənət dostları, tələbələri çıxış edərək, onun sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

Qeyd edək ki, İrandan gəlmiş aşıqlar da ifaları ilə yubilyarı təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə