“Yalanın gerçəkliyi”

Bu gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı Fazil Güneyin "Yalanın gerçəkliyi" kitabının təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət xadimləri, ədəbiyyatşünaslar, media nümayəndələri və başqaları iştirak ediblər.

Təqdimat mərasimində əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu Fazil Güneyin özünəməxsus yaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışıb.

Tədbirdə politoloq Reyhan Mirzəzadə, general-leytenant Ədalət Paşayev, xalq yazıçısı Sabir Rüstəmxanlı və başqaları çıxış edərək Fazil Güney yaradıcılığından söz açıblar.

Diqqətə çatdırılıb ki, filologiya elmləri namizədi Fazil Güney yüzlərlə publisistik yazıların, felyeton, pamflet və hekayələr, elmi məqalələr müəllifidir. "Ulduz sövdəsi" pamfletlər toplusunun, Qarabağ müharibəsindən bəhs edən "Qara qan" tarixi romanının, ABŞ-da ingiliscə çap olunan "Reality in Lie" hekayələr və povestlər toplusunun, Suriya bədii nəsrinin tədqiqinə dair "Müasir Suriya romanı", "Suriya qadın yazıçılarının əsərlərində qadın azadlığı" monoqrafiyalarının müəllifi kimi şöhrət qazanıb. Hazırda müəllif "Qara qan" tarixi romanının üçüncü cildi üzərində işləyir.

Qeyd edək ki, sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə