Rəşad Məcidin iki yeni kitabı işıq üzü görüb

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin "Bir də gəlməyəcək..." şeirlər və "Cığıraçan" (yaşananlar və yazılanlar) kitabları işıq üzü görüb. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, "Təhsil" nəşriyyatında nəşr olunan "Bir də gəlməyəcək" kitabının naşiri Bəhruz Axundov, redaktoru Yusifdir.

Akademik İsa Həbibbəylinin "Bütün yönləri ilə yaradıcı" məqaləsi ilə başlanan kitabda Rəşad Məcidin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Əsasən sevgi şeirlərinin yer aldığı kitabda müəllif maraqlı bir "janr"la oxucuların görüşünə gəlir. Rəşad Məcid şeirləri illər üzrə qruplaşdıraraq onları "hekayə", "roman", "dastan" olaraq oxuculara təqdim edilir. Təqdim olunan hekayənin, romanın, dastanın da janrın tələblərinə uyğun süjeti, kompozisiyası var. Hər üç əsərin qəhrəmanı şair özüdür. Kitabda şairin ilk gənclik illərində yazdığı digər mövzularda şeirləri də yer alıb.

Rəşad Məcidin qələmə aldığı şeirlər "Tanrının bəxşişi" (dastan, 2011-2014), "Yenə də bahar qayıdır" (roman, 1996), "Martın biri" (hekayə, 1991), "Babalarım torpaq olub" (1979-1987), "Mən əlini buraxmazdım" (1981-1987) bölmələrində oxuculara təqdim olunur.

"Cığıraçan" kitabı "Vektor" Nəşrlər Evində çap olunub. Kitabın tərtibçisi Elçin İsgəndərzadə, redaktoru Pərvindir.

Qeyd edək ki, kitabda ön söz əvəzi Pərvinin "Hamının və heç kimin..." məqaləsi nəşr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə