MTN Alik Usubovu mükafatlandırıb

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru Alik Teymur oğlu Usubov Azərbaycan musiqi və teatr sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 80 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, zəngin yaradıcılıq bioqrafiyasına malik olan A.Usubov 1978-1980-ci illərdə "Azkonsert" Birliyinin bədii rəhbəri olub. 1980-1983-cü illərdə o, Rusiyanın Omsk Vilayətində Dövlət Musiqili Teatrının təməlini qoyub. 1983-cü ildə sənətçi vətənə qayıtmış, 1994 -cü ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrında baş rejissor vəzifəsində çalışıb.

1994-cü ildə Omsk vilayəti rəhbərliyinin dəvəti ilə A.Usubov Omsk Dövlət Filarmoniyasına bədii rəhbər təyin olunmuş, 6 il müddətində hər il Beynəlxalq miqyaslı" Душа России" adlı festivalın təşkilatçısı və quruluşçu rejissoru kimi fəaliyyət göstərmişdir. 1997-2000-ci illərdə sənətçi "Sibir" regionlararası milli mədəniyyət birliyinin baş direktoru və bədii rəhbəri olub.

2000-ci ildən bu günədək A.Usubov Omsk Dövlət Universitetinin "Incəsənət və mədəniyyət" fakültəsinin professorudur.

A.Usubov 1977-ci ildə " Əməkdar incəsənət xadimi" adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə