Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəsəyi ilə Özbəkistanın "kultura.uz" saytında "Кулинарные зарисовки по-азербайджански" adlı məqalə verilib. SİA-nın verdiyi məlumata görə, məqalə müəllifi Rimma Sabircanova qeyd edir ki, hər ölkənin tarixi yerlərinə ekskursiya dedikdə xalqın mədəniyyəti, milli mətbəxi ilə tanışlıq nəzərdə tutulur. Müəllif bir qayda olaraq, ölkə əhalisinin psixologiyasının dərk olunmasını onun mətbəxi ilə tanışlıqdan keçdiyini bildirir. Müəllif dost Azərbaycan xalqının milli mətbəxinə ekskursiya etməklə bu diyarın təkrarolunmaz, ləziz dadlı və ətirli mətbəxinə diqqət çəkir. O, Azərbaycan milli mətbəxini bu ölkənin sakinlərinin maddi mədəniyyətinin əsas hissəsi hesab edərək, bu diyarın füsunkar təbiəti ilə harmoniya təşkil etdiyini yazır.
Daha sonra xanım jurnalist azərbaycanlıların qonaqpərvərliyindən danışır, azərbaycanlıların öz mətbəxləri ilə, ləziz nemətləri olan - dolma, bozbaş, kabab, piti, plov, çığırtma, bozartma, qovurma və s. ilə fəxr etdiklərini bildirir.
Azərbaycanda dolmanın bir sıra növlərinə rast gəlindiyini bildirən məqalə müəllifi yazır ki, azərbaycanlıların xüsusilə üzüm yarpağı ilə hazırladıqları "klassik" dolma və bir sıra tərəvəzlərdən hazırlanan dolmaları məşhurdur.
Məqalədə Azərbaycan mətbəxinin şah əsəri olan dolmanın hazırlanma metodu təsvir edilib. Dolmanın hazırlanma reseptinin Azərbaycan xanımlarının səxavət və fəxrlə bölüşdüyü bir bacarıq olduğu qeyd olunub.
Müəllif məqaləni Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə "Azərbaycan mətbəxi" nominasiyası üzrə təqdim edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycanın maddi mədəniyyəti, qeyri-maddi mədəni irs nümunələrinin təbliği məqsədi ilə qardaş ölkənin mətbuatında çoxsaylı məqalələr dərc edilməkdədir. Mədəniyyət Mərkəzinin 2015-ci il üçün təsdiq olunmuş iş planında bu sahədə təbliğatı işlərin gücləndirilməsi, Azərbaycan mədəniyyətinə aid nümunələrin təbliği əsas prioritet məsələ kimi nəzərdə tutulub.
Qeyd edək ki, məqalənin tam versiyası ilə http://kultura.uz/view_2_r_3974.html linkində tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB