Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq

Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq

2015-ci ilin fevralın 4-də xalq artisti, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olur. SİA-nın verdiyi məlumata görə, bəstəkarın 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.

Bildirilib ki, yubiley tədbirləri il ərzində Bakıda, Moskvada, Türkiyədə, Gürcüstanda və Rusiyanın bir sıra digər şəhərlərində qeyd ediləcək. Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Eşq və Ölüm" baletinin yeni quruluşda premyerası olacaq. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, iclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə