“Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvü kimi....”

“Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvü kimi....”

Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, xüsusilə üzv olduğu yeganə universal beynəlxalq təşkilat kimi BMÜTT (Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı) ilə əməkdaşlıq bu il daha əhəmiyyətli xarakter almışdır. Belə ki, 2013-cü ildə BMÜTT Baş Assambleyasının 20-ci Sessiyası zamanı Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunmasından sonra Azərbaycan tərəfi artıq Şuranın iclaslarında və məsələlərin müzakirəsində səsvermə hüququ ilə iştirak etməyə başlayıb.

Bu il həmçinin, aprel ayında Bakı şəhərində BMÜTT-nin Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminar təşkil edilmişdir. 30 ölkədən 70-dən çox nümayəndənin iştirakı ilə keçirilən İclasda Avropa turizminin problemləri, inkişaf perspektivləri, dövlət-özəl sektor əməkdaşlığı, sərmayələrə şərait yaradılması üçün biznes mühitinin yaxşılaşdırılması, seminar zamanı isə turizm klasterlərinin təşviqi, yeni turizm məhsullarının təşviqində müasir əməkdaşlıq formaları və s. məsələlər müzakirə edilmiş, qərarlar qəbul olunub. Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda bu tədbirin təşkil edilməsi həm BMÜTT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, həm də gələcəkdə turizm sahəsində inkişafa nail olmaq üçün böyük zəmin yaradıb.

Azərbaycan tərəfi İcraiyyə Şurasının üzvü kimi ilk olaraq 2014-cü ilin 3-7 iyun tarixində İspaniyada keçirilmiş BMÜTT-nin İcraiyyə Şurasının 98-ci sessiyasında nümayəndə heyəti ilə iştirak edib. Sessiya çərçivəsində "Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu" mövzusunda müzakirələr aparılmış və növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə bağlı xüsusi bəndin salınması və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanması təklif edilib.

Bunun nəticəsi olaraq, daha sonra 2014-cü ilin 1-4 oktyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclasında sənəd layihəsinin cari ilin 17-19 noyabr tarixində Dünya Etika Komitəsinin iclasında baxılması qərara alınıb. Qeyd edək ki, Azərbaycanın bu qətnaməni təqdim etməkdə məqsədi dünyada turistlərin təhlükəsizliyinin təmin edilməsi, milli və beynəlxalq hüquq normalarının pozulmasının və münaqişəli ərazilərin turizm məqsədilə təbliğinin qarşısının alınması idi.

Nazirliyin Təşkilatla əməkdaşlığı yalnız beynəlxalq tədbirlərdə iştirakla məhdudlaşmayıb. Mütəmadi olaraq keçirilən sorğular, seminarlar, təlimlər, təşkilat tərəfindən nəşr olunan materiallarda Azərbaycanla bağlı məlumatların hazırlanması və yenilənməsi və s. fəaliyyətlərdə aktiv iştirak edən Mədəniyyət və Turizm Nazirliyi təşkilat çərçivəsində daim öz mövqeyini yüksəltmək üçün səylərini əsirgəməyib.

Qeyd etmək lazımdır ki, BMÜTT ilə əməkdaşlıq ölkəmizdə turizm idarəetmə mexanizmlərinin yaradılmasına, turizmin davamlı inkişafının təmin edilməsinə, turizm sənayesinin iqtisadiyyatımızın ən gəlirli sahələrindən birinə çevrilməsinə və Azərbaycanın turizm sahəsində beynəlxalq səviyyədə özünəməxsus yer tutmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə