Son illər ölkəmizə gələn xarici turistlərin sayının artması, turizm sahəsinə yerli və xarici sahibkarlar tərəfindən qoyulan investisiyalar və digər infrastruktur obyektlərin istismarı turizm bazarının inkişafına səbəb olur. Mehmanxana və mehmanxana tipli obyektlər turizm bazarının formalaşmasında və inkişafında böyük rol oynayır. SİA-nın verdiyi məlumata görə, dünyanın bir çox brend ("FourSeasons", "Fairmont", "Kempinski", "Marriott", "Hilton", "Sheraton", "Jumeirah", "Excelsior", "Hyatt" və "Rixos") mehmanxana şəbəkələri artıq Azərbaycanda öz fəaliyyətlərini davam etdirirlər.
Bununla yanaşı, ölkəmizdə mehmanxana təsərrüfatının inkişafı, yerli sahibkarların bu sahəyə diqqəti və marağı nəticəsində yerli mehmanxana şəbəkələrinin formalaşmasına səbəb olur. Misal olaraq, Bakı şəhəri və respublikamızın regionlarında "Qafqaz" yerli brend adı ilə fəaliyyət göstərən mehmanxanaları göstərmək olar.
Hazırda ölkə ərazisində təqribən 40-a yaxın mehmanxana və mehmanxana tipli obyektlərin tikintisi davam etdirilir.
Bildiririk ki, vətəndaşların məmnunluğunun və rahatlığının təmin edilməsi, şəffaflığın artırılması və yeni texnologiyaların tətbiqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm və mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması və müraciətlərin edilməsi üçün nazirliyin rəsmi internet səhifəsində xüsusi portal (http://www.e-services.mct.gov.az) yaradılıb. Bu portal vasitəsilə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün edilən müraciətlərə baxılaraq, lisenziyaların rəsmiləşdirilməsi həyata keçirilir.
2014-cü il ərzində 79 mehmanxana və mehmanxana tipli obyektə xüsusi razılıq (lisenziya) verilib. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin sayı 304-dür. Bunlardan 134-ü Bakı şəhərində, 170-i isə respublikamızın regionlarında fəaliyyət göstərir.
2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən otaqların sayı 16.876 (keçən ilin analoji dövrü ilə müqayisədə 7,1% artıq), birdəfəlik tutum isə 34.731 (keçən ilin analoji dövrü ilə müqayisədə 6,1% artıq) olub.
Mehmanxana və mehmanxana tipli obyektlərdə çalışan işçilərin sayı 8.118 nəfər olub ki, bu keçən ilin analoji dövrü ilə müqayisədə (7.668 nəfər) 5,9% çoxdur. 2014-cü ilin I yarımili ərzində göstərilən mehmanxana xidmətinin satışından əldə olunan gəlirisə təqribən 80 mln. AZN təşkil edib.
Eyni zamanda, qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırırıq ki, məhz yanğın təhlükəsizlik qaydalara riayət edən və sanitar-epidemioloji baxımından yoxlanılaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş və lisenziya müddəti qüvvədə olan obyektlərin xidmətindən istifadə etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB