Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, Heydər Əliyevin şəxsi təşəbbüsləri müstəqil Azərbaycanın musiqi mədəniyyətinin inkişafında, ölkəmizin musiqi həyatının zənginləşməsində və beynəlxalq səviyyədə böyük müvəffəqiyyətlər əldə olunmasında öz töhfəsini verib: "Ümummilli Liderin Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara yaradıcılıq axtarışlarında və yeni əsərlərin yaranmasında ilham verib. Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayında onun dərin məzmunlu "Bəstəkarın yüksək vəzifəsi və amalı" məruzəsi bu gün də aktuallığını qoruyur və bəstəkarlar İttifaqının fəaliyyətində proqram sənədi qalır.
Faktiki olaraq, Mstislav Rastropoviçi bizə məhz Heydər Əliyev qaytarıb. 1997-ci ildə Fransada "Grand Opera"da onun Heydər Əliyevlə görüşü olub. Orada maestro H.Əliyevə söz verdi ki, hər il Bakıya gələcək və gənc musiqiçilər üçün ustad dərsləri keçirəcək. Rastropoviç sözünün üstündə durdu".
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova 1975-ci ildə Üzeyir Hacıbəylinin Ev-muzeyinin açılışı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq, Ümummilli liderin Azərbaycan professional musiqisinin banisinin yaradıcılığına həsr etdiyi dərin məzmunlu çıxışının şahidi olduğunu bildirib. O, həmçinin qeyd etdi ki, ümumiyyətlə H.Əliyevin çıxışları həmişə analitik xarakteri və dərin peşəkar yanaşması ilə fərqlənirdi.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov isə öz çıxışında bildirdi ki, bir sıra aparıcı bəstəkarlarımızın fundamental əsərinin yaradılmasının bilavasitə təşəbbüskarı məhz Heydər Əliyev olub: "Hamıya məlumdur ki, Aqşin Əliyevin "Babək" baletinin yaranmasının ideyası Ümummilli liderimizə məxsusdur və əsər səhnəyə qoyulana qədər o, balet üzərində gedən iş prosesləri ilə tez-tez maraqlanırdı.
Digər nümunə isə Arif Məlikovun 8-ci simfoniyası –"Əbədiyyat"dır. Bu əsərin də ideyası Məkkədə birgə Həcc ziyarəti zamanı onun Heydər Əliyevlə mənəvi dəyərlər, insanın əxlaq meyarı barəsində etdikləri söhbətlər zamanı yaranıb. H.Əliyevlə söhbətin təsiri altında A.Məlikovun düşüncələrində yeni böyük simfonik əsərin yaranması fikri doğuldu", -deyə C.Abbasov qeyd edib.
C.Abbasov çıxışında onu da əlavə etdi ki, bu il Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr edilən musiqi festivalında bəstəkarlarımızdan Firəngiz Əlizadənin, Tofiq Bakıxanovun, Rauf Əliyevin və Vasif Allahverdiyevin Ümummilli liderin əziz xatirəsinə həsr edilmiş əsərləri də ifa olunub.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov çıxışında musiqimizin korifey nümayəndələrinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində Ulu Öndərin gördüyü işlərdən bəhs etdi:
"Bu ənənə ilk növbədə - Üzeyir Hacıbəylinin Ev-Muzeyinin yaradılması ilə başladı, harada ki, indiyə qədər onun irsinin qorunması istiqamətində yorulmadan iş aparılır. Üzeyir Hacıbəylinin Ev-Muzeyinin açılması bir sıra başqa mədəniyyət xadimlərinin, o cümlədən Niyazinin Ev- Muzeyinin yaranmasına təkan verdi. Bu mədəniyyət ocaqları hal-hazırda aktiv fəaliyyət göstərirlər. Burada yubiley konsertləri, xatirə gecələri təşkil olunur və beləliklə, H.Əliyevin ideyaları yaşayır və inkişaf edir".
Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın çıxışı isə Ümummilli lider Heydər Əliyevin mədəniyyət xadimlərinə qayğısının və bu xeyirxahlıq ənənələrinin bu gün də davam etməsinə həsr olunub: "Dövlət tərəfindən gənclərə verilən mükafatlar və təqaüdlər onların yaradıcılıq işi üçün böyük dəstək və stimuldur".
Tədbirin sonunda tanınmış bəstəkar, xalq artisti, "Şöhrət ordenli", professor Tofiq Bakıxanovun "Həmişə bizimləsən" simfonik poeması səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB