Muzey Mərkəzinin İncəsənət Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi toxuculuq məhsulları Böyük İpək Yolunun irsidir" mövzusunda sərgi açılıb. SİA-nın verdiyi xəbərə görə, sərgidə Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyinin fondundan gətirilmiş eksponatlar nümayiş etdirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Böyük İpək Yolu Asiya və Qafqaz xalqlarının etnomədəni proseslərinə güclü təsir göstərib. Nazir bu möhtəşəm tədbirin keçirilməsinə göstərilən köməyə görə Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyinin əməkdaşlarına təşəkkürünü bildirib. Ə.Qarayev diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya əsrlər boyu müxtəlif sahələrdə dostluq telləri ilə bağlı olub.
Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyinin direktorunun elmi işlər üzrə müavini Yelena Gerasimenko həmin muzeyin işi barədə söhbət açıb. O bildirib ki, "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi toxuculuq məhsulları Böyük İpək Yolunun irsidir" sərgisində 400-dən çox eksponat, o cümlədən toxucu alətləri və dəzgahları, xalq geyimləri, interyer əşyaları, müxtəlif parça nümunələri, xalçalar və tikmələr, toy mərasimi atributları nümayiş etdirilir. Y.Gerasimenko Mərkəzi Asiya və Qafqaz xalqlarının ənənəvi mədəniyyətində toxuma məhsullarının mühüm rol oynadığını qeyd edib. O, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və Muzey Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirib.
Akademik Teymur Bünyadov Böyük İpək Yolunun tarixindən söhbət açaraq bildirib ki, iki min il bundan əvvəl yaradılmış bu ticarət magistralının marşrutu Azərbaycan, İran, Əfqanıstan və başqa ölkələrdən keçirdi.
Qeyd edək ki, sərgi noyabrın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB