Alman mütəxəssisləri Azərbaycanın biznes turizm potensialını öyrənir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Almaniyanın biznes turizm təmsilçilərini ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış edib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Konqreslər Bürosu və Mədəniyyət və Turizm Nazirliyinin Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkətinin dəstəyi ilə cari ilin 3-7 sentyabr tarixlərində ölkəmizdə tanışlıq səfərində olan alman nümayəndə heyətinin tərkibinə Alamniyanın aparıcı MİCE (biznes turizm) bazarı iştirakçıları və media nümayəndələri daxil idi. Media nümayəndələri Avropanın sayahət və turizm üzrə ixtisaslaşan əsas nəşrləri - ICJ magazine və CIM-i təmsil edirdi. Səfər zamanı nümayəndə heyəti Azərbaycanın adət-ənənələri və ölkədə biznes turizminin inkşafı üçün yaradılan şərait haqqında məlumatlandırılıb. Bu istiqamətdə Büro öz tərəfdaşları ilə birgə xüsusi tədbirlər planı həyata keçirib. Əvvəlcə nümayəndə heyəti Büronun "Açıq qapılar" tədbirində iştirakı edib. Alman mütəxəssislər Azərbaycanda biznes turizmi sahəsinin inkişaf potensialı üzrə görüş və təkliflərini paylaşıb. Daha sonra səfər çərçivəsində şəhərimizin qonaqları YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilib "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, ortа əsr şərq mеmаrlığının şаh əsəri sayılan "Şirvanşahlar Sarayı Kompleksi" və digər tarixi abidələrlə tanış olublar. Qonaqlar üçün xüsusi olaraq hazırlanmış interaktiv oyunla İçərişəhəri daha yaxından öyrənmək imkanı əldə ediblər. Həmçinin Karvansarayda milli mətbəximizin ləziz təamlarını dadıb və yerli musiqiçilərimizin ifasın dinləyiblər. Səfər çərçivəsində almaniyalı qonaqlar YUNESKO-nun Ümumdünya maddi-mənəvi irslər siyahısına daxil edilən "Qobustan" milli tarixi-bədii dövlət qoruğunu və bizim eradan əvvəl III minilliyə aid olan tarixi mühiti qorunub saxlanılmış "Qala" tarix-etnoqrafiya qoruğunu da ziyarət ediblər. Azərbaycanın təbiət möcüzələrindən olan palçıq vulkanları da unudulmayıb. Turistlər tərəfindən ən çox ziyarət edilən Daşgil ərazisində yerləşən aktiv vulkanlar qrupu almaniyalı qonaqların xüsusi marağına səbəb olub. Səfər zamanı onlar həm də müasir Bakının rəmzlərindən biri və dünya şöhrətli memar Zaha Hadidin şah əsərlərindən hesab olunan Heydər Əliyev Mərkəzi ilə də tanış olublar.
Büro Almaniyalı nümayəndə heyəti arasında kiçik sorğu da keçirib. Sorğu çərçivəsində iştirakçılardan Azərbaycanda maraq doğuran əsas sahələri qeyd etmək və eləcə də bu və ya digər sahənin inkişafı üçün təkliflərini bildirmək xahiş edilib. Səfər iştirakçıları ölkənin sürətli inkişafı və bunun öz növbəsində Azərbaycanda turizmin inkişafına müsbət təsirini qeyd edib, ölkədə yaradılan infrastrukturu, tarixi-mədəni abidə və obyektləri yüksək dəyərləndirib, eləcə də ölkədə fəaliyyət göstərən otellərdən məmnunluqlarını ifadə ediblər. Xatırladaq ki, Büro daha öncə də Rusiyanın MİCE bazarı iştirakçıları üçün tanışlıq səfəri təşkil etmişdi. Bu cür səfərlərin təşkili ölkəmizin xarici sərmayəçilərə və MİCE bazarı iştirakçılarına tanıdılmasında böyük rol oynayır, turizm bazarının güclü tərəflərini və mövcud potensialını təhlil etməyə imkan verir və eyni zamanda irihəcmli tədbirlərin təşkili sahəsində imkanları tədqiq etmək üçün dəyərli bir vasitə sayılır. Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və MİCE bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB