Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində sentyabrın 10-dan 19-dək Şəkidə I Beynəlxalq teatr festivalı keçirilir. SİA-nın verdiyi məlumata görə, festival çərçivəsində sentyabrın 10-da Şəki şəhərində Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün təntənəli açılış mərasimi keçirilib.
Mərasimdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, festivala dəvət olunan qonaqlar, tanınmış teatr və incəsənət xadimləri ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin binası önündə ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Sonra festivalın təşkilatçı qurumlarının rəhbərləri və qonaqlar mərasimin keçirildiyi Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının foyesində kamera ansamblının ifasında həzin musiqi sədaları altında görkəmli gülüş ustası Lütfəli Abdullayevin 100 illiyinə həsr olunan və Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgilərlə tanış olublar.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, teatrsevərlərin, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri açılış mərasiminin rəsmi hissəsində əvvəlcə son illər teatrların maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edən film nümayiş etdirilib.
Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycan teatrının keçdiyi tarixi yola qısa nəzər saldı. Bildiridi ki, son illər teatrlarımızın qazandıqları uğurlar hər kəsə bəllidir: "Bu gün ilk dəfə olaraq yeni teatr mövsümü Şəkidə açılır. 142 illik tarixi olan Azərbaycan teatrının tarixində yeni bir dövr başlanır. XXI əsrin teatrının düşüncəsi, qüdrəti və qüvvəsi insanlarla bağlıdır. O insanlarla ki, Azərbaycan teatrının inkişafı yolunda özlərini fəda edirlər, öz istedad və bacarıqlarını əsirgəmirlər. Sözsüz ki, bu teatr fədailəri Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki tarixi xidmətlərini, gördüyü işləri yüksək qiymətləndirərək, bu qayğıdan bəhrələnərək teatrın inkişafına öz töhfələrini verirlər. Bu gün bəlkə də bir neçə il öncə ağlımıza belə gəlməyən bir layihənin gerçəkləşməsində iştirak edirik. Şəkidə I Beynəlxalq teatr festivalı başlayır. Teatr binasının yenidən qurularaq belə gözəl görkəm almasında, həmçinin teatrın inkişafında əməyi olan bütün insanlara təşəkkürümü bildirirəm. Buteatrda hələ bir çox layihələrin həyata keçiriləcəyinə şahid olacağıq. Son illər Azərbaycanda teatr anlayışı o qədər tanınıb, tamaşaçılar tərəfindən qəbul olunub ki, artıq tamaşaçıların da tələbatı və maraqları haqqında düşünülür. Son 8 ildə respublikamızın teatrlarında 750-dən çox yeni tamaşalar səhnələşdirilib və ya bərpa olunub. Son 5 ildə Azərbaycan teatrları 20-dən artıq ölkədə öz tamaşalarını nümayiş etdirməyə müvəffəq olublar. Hazırda teatrlarımızda dünyanın bir çox ölkələrinin tanınmış teatr xadimləri, rejissorlar, aktyorlar, rəssamlar fəaliyyət göstərirlər".
Ə.Qarayev çıxışının sonunda yeni teatr mövsümünün bütün teatrlar üçün uğurlu olacağına, çox maraqlı təqdimatların keçiriləcəyinə əminliyini bildirib.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək belə mötəbər tədbirin və festivalın Şəkidə keçirilməsinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə şəhər sakinləri, teatrsevərlər adından minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, Şəki artıq festivallar şəhərinə çevrilib. Bu festival cari il Şəkidə keçirilən sayca 4-cü beynəlxalq festivaldır.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın rəmzi açılışını bildirən lenti kəsiblər.
Rəsmi açılış mərasimindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara festivalın ilk tamaşasını – İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" əsəri əsasında hazırlanan tamaşanı təqdim ediblər. Görkəmli dramaturqun 100 illiyinə həsr olunan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbovdur. Tamaşada əsas rolları Rəhim Qocayev, Çinarə Səmədova, Səlim Babayev, Xanlar Həşimzadə, Əməkdar artistlər Əbülfət Salahov, İqrar Salamov və başqaları ifa ediblər.
Qeyd edək ki, uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB