Yazıçılar Birliyinin üzvləri bir-birilərini məhkəməyə verdilər

Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, Mənzil Komitəsinin sədri Rauf Aslanov qurumun üzvü Ramiq Muxtarı məhkəməyə verib. Bununla bağlı olaraq şair-drammaturq Ramiq Muxtarın da münasibətini öyrəndik. O, SİA-ya açıqlaması zamanı qarşı tərəfi yalançı adlandırdı: "Rauf bəy məni boş yerə məhkəməyə verib. Hazırda işimizə baxılır. Xüsusilə diqqətinizə çatdırım ki, onların məhkəməyə verdikləri sənədlər saxtadır. Hakim bu işlə ciddi məşğul olur. Hər şey sentyabrın 9-da məlum olacaq. Onu da deyim ki, Rauf Aslanovun Yazıçılar Birliyində işləməsinə baxmayaraq, bu günə kimi nə hekayəsi, nə də pyesi heç yerdə dərc olunmayıb".

Rauf Aslanov da baş verənlərə aydınlıq gətirib: "Ramiq Muxtar "Mizrab" adlı jurnal buraxıb və birinci sayını mənimlə Anar müəllimə həsr edib. Biz bu günə qədər səbr edib, onun hərəkətlərinə göz yummuşuq. Düşünürdük ki, o, səhvini anlayacaq. Ancaq jurnalı görəndən sonra məcbur olub, məhkəməyə müraciət etdim. Bununla yanaşı, Mətbuat Şurasına etirazımı bildirdim. Şuranın iclasında Ramiq Muxtara xəbərdarlıq etdilər. Qanuna görə, birinci dəfə xəbərdarlıq edilməlidir. Bir daha bu hal təkrarlansa, onda jurnal qara siyahıya salınacaq. Mən şərəf və ləyaqətimi alçaltdığı və məni bir milyon manat məbləğində pul mənimsəməkdə ittiham etdiyi üçün iki ayrı iş qaldırmışam. Necə ola bilər ki, mənzillərin ümumi dəyəri 800 min manat olduğu halda, mən bir milyon pul götürüm. Belə çıxır ki, bütün mənzil satanlar satışdan götürdükləri pulun üstünə də əlavə pul qoyub mənə veriblər? Bu, çox gülünc fikirdir. Həmçinin mənə evləri satmaqla da şər atır. Satış prosesinin mərhələli şəkildə mətbuatda işıqlandırmışıq. Evlərin sahibləri öz razılıqları əsasında mənzillərini tapdıqları müştərilərə satıblar. Mənim burada heç bir əlaqəm olmayıb. Onu da deyim ki, Ramiq Muxtar Prokurorluğa, Cənab Ramiz Mehdiyevə, Cənab Prezidentimiz İlham Əliyevə də bu məsələ ilə bağlı müraciət edib. Prokurorluq orqanları Mənzil Komissiyasının və Yazıçılar Birliyinin işini 2 dəfə araşdırıb. Onlar cinayət xarakterli heç nə tapmadıqları üçün bu işə xitam veriblər.

İndi də İcra Hakimiyyətinin mənzil növbəsini pozduğumuz iddiası ilə İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmədən xahiş edir ki, onun guya pozulmuş mənzil haqqını bərpa etsin. Axı biz bütün mənzil alanların da, onların neçənci ildən qurumun üzvlüyünə və mənzil növbəsinə yazılması barəsində məlumatları sizin vasitənizlə mətbuatda yaymışıq. Ramiq Muxtar məhkəməyə müraciət etməkdənsə, bizdən məsləhət alardı. Biz də bütün sənədlərlə onu tanış edərdik. Ramiq Muxtar bir müddət öncə söyləyirdi ki, ancaq yazıçılara ev vermək lazımdır. Bu isə mümkün deyil. Çünki mənzil növbəsində sürücünün də, mühasibatda işləyən adamların da adı var. Bunlar evlərini haradan almalıdırlar? Yazıçılar Birliyində işləyirlərsə, bu qurum da onlara ev verməlidir. Ramiq Muxtar 2 dəfə ev alıb və kifayət etmir yenə də istəyir. Onun Yazıçılar Birliyi ilə problemidi nədədir anlaya bilmirəm. Ramiq Muxtar saxtakardır. Muxtar deyir ki, hərəyə bir mənzil versinlər. Bu da mümkün deyildi. Çünki bizə ayrılmış doqquz mənzil var idi. Bu da növbəyə duranlar arasında bölüşdürüldü. Hətta tutaq ki, hərəyə bir mənzil verməli olsa idik belə, Ramiq Muxtar mənzil almayacaqdı. Çünki Ramiq Muxtar ev növbəsində 12-ci yerdədir. Hərəyə bir mənzil veriləndə də, növbədə olan ilk 9 nəfər ev almış olur. İndi başa düşə bilmirəm ki, bu adam bizdən nə istəyir. Məhkəmənin birinci prosesi baş tutub. İşlərimizlə tanış olublar. Sentyabrın 9-da da növbəti məhkəməmiz olacaq. Mən Ramiq Muxtardan tələb edirəm ki, bütün iddialarını məhkəmədə sübut etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...