Zaman onun dühaları ilə yaddaşlara həkk olunacaq

Zaman onun dühaları ilə yaddaşlara həkk olunacaq

Vallah, Sona xanımın yaradıcılığı haqqında fikir söyləmək çox çətindir. İlk baxışdan adama elə gəlir ki, bu dahi insanın yaradıcılığında başa düşülməyən heç nə yoxdur. Amma əslində bu, belədirmi?! Böyük ustalıqla qələmə alınan istər elmi-publisistik məqalələri, istərsə dərin fəlsəfi düşüncələri, yaxud şeirləri əsas verir deyəm ki, müəllifin yaradıcılığı dərindən təhlil tələb edir. Özü də bu təhlili məhz ədəbiyyatımızın inkişafında müstəsna rolu olmalı olan ədəbi tənqid həyata keçirməlilir.

Yeri gəlmişkən, mən Cona xanım Vəliyevanın "Zaman xəbərsiz ötdü" kitabında yer alan, qələm dostlarımın­-qəzet və jurnal redaktorlarının, şair və publisistlərin, alimlərin, eləcə də ədəbi tənqid nümayəndələrinin məqalələri, fikir və mülahizələri ilə də yaxından tanış oldum. Müəllifin ayrı-ayrı kitabları, şeir və publisistik məqalələri haqqında qələmə alınan yazılar arasında diqqətimi ən çox cəlb edən şair və publisistlərin qeydləri oldu. Onlar Sona xanımın yaradıcılığı haqqında söylədikləri fikirlərdə daha çox səmimidirlər, nəinki ədəbiyyatşünas alimlər. Təqribən bir ay öncə kifayət qədər tanınmış, şəxsiyyətinə dərin hörmət bəslədiyim ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadənin "Ədəbiyyat" qəzetinə müsahibəsini oxumuşam. Həmin məqalədə jurnalist ədəbi tənqiddə ciddi problemin olduğunu hörmətli professora verdiyi suallarda qabardır. Nizaməddin müəllimsə bu fikri təsdiqləmək, bu stereotipdən yaxa qurtarmağın yollarını izah etmək əvəzinə özünü və bütün tənqidçi həmkarlarını müdafiəyə keçir. Deyir ki, mənə Dostoyevskini verin, mən də Belinski olum.

Əvvəla, deməliyəm ki, məhz Dostoyevskini və onlarla başqa dahi sənətkarı dahi edən də elə məhz düzgün, sanballı ədəbi tənqid olub. Dostoyevski birdən-birə məşhur yazıçı olmayıb. Hər bir yazar yaza-yaza formalaşır, inkişaf edir. Və bu inkişaf yoluna şairi, yaxud yazıçını və dramaturqu düzgün istiqamətləndirən də ədəbi tənqid olmalıdır. Bizim tənqidçilərimizsə əfsuslar olsun ki, əllərinə bir kitab düşərkən orada yalnız yanlış bir fikir, stilistik bir səf ovuna çıxır ki, müəllifi ruhdan salsın. Və nəticədə kitab ədəbi tənqidin süzgəcindən keçmir, yaxud təhlilçi öz vəzifəsini yerinə yetirə bilmir.

Təəssüflər olsun ki, Sona xanımın kitabında da söylədiklərimin şahidi oluruq. Adın çəkmək istəmədiyim tənqidçinin kitabda yer alan mülahizələri sıravi oxucu təxəyyülündən zərrəcə fərqlənmir. Halbuki Sona Vəliyevanın hər kitabında yer alan, janrından asılı olmayan bütün yazılar haqqında ürəkdolusu söz açmaq olar. Mən "Zaman xəbərsiz ötdü" kitabı haqqında yazılanları oxumazdan əvvəl müəllifin qələm məhsulları ilə jaxından tanış oldum, sonra isə onların haqqında söylənilənlərlə. Hər şeirdə dahiyanə ifadə olunan fəlsəfi fikirlər, insanı düşünməyə vadar edən, bəlkə də hər oxucuya asanlıqla çatmayan sətiraltı ifadələr məhz ədəbi tənqidin süzgəcindən keçməli, ətraflı təhlil olunmalı idi. Bu cür bəndlər, ifadələr, misralar Sona Vəliyevanın şeirlərində kifayət qədərdir.

Sona Vəliyeva həm də böyük alim, tanınmış ictimai xadimdir. Onun Azərbaycançılıq ideologiyasını tərənnüm edən elmi-publisistik məqalələri bir tədqiqatçı alim kimi də onun öncüllər cərgəsində olduğundan xəbər verir. Nə qədər gərgin əmək sərf etmək lazımdır ki, onun ərsəyə gətirdiyi elmi əsərləri yazmağa qadir olasan. Türkçülüyü əsas amalımız sayan, azərbaycançılıq ideologiyasının mahiyyətini böyük ustalıqla təhlil və təbliğ edən alimin elmi əsərləri də elmi tənqidin kifayət qədər xeyir-duasını almayıb.

Sona Vəliyeva müxtəlif mətbu orqan nümayəndələrinə verdiyi müsahibələrdə də olduqca səmimi görünür. Ürəyində vətən sevgisi olan bu yazar xanım həm alim kimi, həm şair kimi, həm bir jurnalist kimi, həm də ictimai xadim kimi ayrı-ayrılıqda bu sahələrin nümayəndələrinə parlaq nümunədir.

Şeriyyətlə qanadlanan, yurd, el-oba sevgisi ilə coşub-daşan bir ülvi ürək sahibidir Sona xanım. Belə ürək sahiblərini ürəkdən sevmək, dərindən öyrənmək, təhlil və təbliğ etmək hamımızın borcudur. O ki, qaldı kitabın adına, əziz və hörmətli Sona xanımı əmin edirəm ki, fədakar əməyi, işgüzarlığı sayəsində ərsəyə gələn dühaları yaşadığımız dövrə, zamana daim başucalığı gətirəcək. Zaman o dühalarla yaddaşlara həkk olunacaq. Kitabda yer alan bir-birindən gözəl əsərləri barədə isə həmkarlarım kifayət qədər dəyərli fikirlər söylədiklərinə görə əlavə şərhə də ehtiyac duymuram və öz ürək sözlərimi bu dəyərli kitabin təəssüratı ilə qələmə aldıgım bir şeirlə ifadə edirəm:

Şairdir, şeirimizin

Sona Ulduzudur o.

Görkəmli şair- publisist Sona xanım Vəliyevanın "Zaman xəbərsiz ötdü..." kitabının təəssüratı ilə

Əlimdə bir kitab var,

Məzmunludur Qurantək.

Üzərrik yandırmışam,

Oxuyub qurtarantək.

Toplumudur bu kitab,

Fəlsəfi fikirlərin.

Hər sətrin tutumu var,

Hər sözdə məna dərin.

İlhamın qanadında

Uçur Tanrıya sarı,

Öz ruhuna kökləyir

Bütün oxucuları.

Gah kövrəldir, sızladır,

Gah tüğyan eyləyir o.

Təbriz dərdindən coşur,

Bir üsyan eyləyir o.

Deyir: " Ölmək gərəksə,

Ölək Vətən yolunda-

Əsirlik zənciri var

Qarabağın qolunda.

Qanına qəltan edək

O qarğa- quzğunları,

Tapdayaq, diz çökdürək

Önümüzdə onları."

... Bir şair ürəyində

Qüdrətə bax sən hələ!-

Dar gündə ər qızımız

Dönüb oda, məşələ.

İntiqam hissi ilə

Coşur qələm əlində,

Vətən andı bal dadır

Onun yanar dilində.

Ordumu ruhlandırır

Hər kəlməsi, hər sözü,

Bu torpaq savaşında

Əsgərdir o da özü.

Qeyrəti göz önündə,

Əsil türk qızıdır o.

Şairdir, şeirimizin

Sona Ulduzudur o.

Valeh MİRZƏ

Bütün xəbərlər Facebook səhifəmizdə