Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəni beynəlxalq arenada tanıtmaq istiqamətində işlərini davam etdirir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan ilk dəfə olaraq "İCCA Research, Sales and Marketing" Proqramında (İCCA Araşdırma, Satış və Marketinq Proqramı) iştirak edib. Azərbaycan Konqreslər Bürosu ölkəni Amsterdamda keçirilən bu nüfuzlu tədbirdə uğurla təmsil edib.
Diqqətinizə çatdıraq ki, Azərbaycanın iyun ayında qoşulduğu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) əsas məqsədi beynəlxalq konqreslərin təşkilatçıları və bu kimi tədbirləri öz ölkələrinə cəlb etmək istəyən qurumları bir araya gətirmək və dünyada mütəmadi baş verən beynəlxalq tədbirlərin məlumat bazasını yeniləməkdir.
Bu çərçivədə təşkil olunan İCCA Araşdırma, Satış və Marketinq Proqramı MİCE (biznes turizmi) bazarındakı son tendensiyaları İCCA üzv ölkələrinin nəzərinə çatdırmaq, əməkdaşlıq əlaqələri qurmaq və eləcə də daha səmərəli tədbirlərin təşkili haqqında məlumatları paylaşmaq üçün əlverişli platform rolunu oynayıb.
Təlimin digər bir məqsədi yeni üzvləri tanıtmaq, eləcə də bazardakı hazırkı və gələcək tendensiyaları təqdim etmək olub. Ümumilikdə tədbir 150-yə yaxın İCCA-ya üzv ölkə və təşkilat nümayəndələrini bir araya gətirib ki, nümayəndələr əsasən konqres bürolarını və məkan idarəetmə şirkətlərini və peşəkar konfrans təşkilatçılarını təmsil edib.
Azərbaycan Konqreslər Bürosu belə bir nüfuzlu tədbirdə iştirak etməklə büro rəhbərləri ilə birbaşa ünsiyyətdə olmaq və tədbir təşkilindəki əsas amillər barədə dəyərli fikirlər əldə etmək imkanı əldə edib.
Tədbir, həmçinin, İCCA-nın çoxdankı üzvləri ilə münasibət qurmağa və təcrübə mübadiləsi etməyə və eləcə də hədəf bazar nümayəndələri ilə əlaqə qurmağa imkan yaradıb.
Tədbir çərçivəsində həyata keçirilən İCCA Database (məlumat bazası) təlimi isə bir çox yeniliklər barədə məlumat verib ki, bunlardan biri də ən son texnologiyalar vasitəsi ilə maraqlı tərəflərin diqqətini cəlb etmək idi. Məsələn, Büronun internet səhifəsinin Google Analytics və İCCA məlumat bazası ilə inteqrasiyası səhifəyə daxil olan şirkətləri görməyə və son nəticədə həmin şirkətlərin hansı sahə ilə daha maraqlı olduğunu öyrənməyə və tələblərə tam və vaxtında cavab verməyə imkan verə bilər.
Seminar zamanı həm də interaktiv şəkildə təklif üçün sorğuların (Request For Proposal) hazırlanması da həyata keçirilib.
Qeyd edək ki, nəticə olaraq İCCA Araşdırma, Satış və Marketinq Proqramı biznes turizmi sahəsində ən son yeniliklər barədə məlumat almaq, yeni alıcılarla işləməyin düzgün yollarını öyrənmək, beynəlxalq konfrans və seminarların təşkili sahəsində təcrübə əldə etmək, hədəf bazarlarla yaxın əlaqə qurmaq və bazar iştirakçılarını ölkəyə cəlb etmək və s. kimi mühüm sahələrdə bilik əldə etmək üçün gözəl imkan yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB