Lənkəran teatrı mövsümü İ.Əfəndiyevin “Qəribə oğlan” komediyası ilə bağlayıb
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi özünün 123-cü mövsümünü başa vurub. SİA-nın Cənub bürosunun məlumatına görə, iyulun 19-da keçirilən bağlanış mərasimində teatrın direktoru Tofiq Heydərov, baş rejissor Tural Mustafayev, xalq artisti Qabil Quliyev, əməkdar artist Təvəkkül Əliyev və başqaları hesabat xarakterli çıxışlarında yaradıcı kollektivin ötən mövsümdə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən söz açıblar.
Daha sonra xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə müəllifin "Qəribə oğlan" komediyasını premyerası tamaşaçılara təqdim olunub. Qeyd edək ki, "Qəribə oğlan" insani hissləri, bəşəri duyğuları özünəməxsus bir sənətkarlıqla canlandıran lirik-psixoloji əsərlər müəllifi kimi şöhrət qazanmış xalq yazıçısı İlyas Əfəndiyevin dramaturji yaradıcılığında komediya janrında qələmə alınmış ilk səhnə əsəridir.
Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov müəllif fikrinə yeni prizmadan yanaşmaqla, onu müasir və tamaşaçıları düşündürən çalarlarla zənginləşdirməyi bacarıb. Tamaşanın quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır. Əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aparıcı aktyorlar Zemfira Nəcəfova, Miraslan Ağayev, Aynur Əhmədova, Allahverən Babayev, Hikmət Cəfərov, Səyad Əliyev, Emin Fərzullayev və başqaları ifa ediblər.
Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB