Xətai Sənət Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə hazırlanmış "Ana yurdum" adlı albomun təqdimatı keçirilib. SİA-nın məlumatına görə,mərasim Aytən Məhərrəmovanın rəhbərlik etdiyi "Aypara" muğam üçlüyünün ifasında musiqi nömrəsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, AMM-in direktoru Samir Abbasov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, mədəniyyətimizin dünyada təbliği istiqamətində dövlətimizin həyata keçirdiyi layihələrdən geniş söhbət açıb: "Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılış mərasimində iştirak edib. Mərkəzin əsas fəaliyyəti elm, mədəniyyət, təhsil, diaspor, humanitar sahələrdə ikitərəfli əməkdaşlığın yeni-yeni əlaqələrinin yaradılmasıdır. Azərbaycanın birinci xanımı, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərilir. Bu layihələrin davamı olaraq Orta Asiyanın ən zəngin dövləti, öz mədəniyyəti ilə dünyada şöhrət tapan Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliğinin AMM üçün də prioritetdir".
AMM-in təşəbbüsü ilə gənc xanəndə Aytən Məhərrəmova və "Aypara" muğam qrupu ilə birgə bu il martın 18-də Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr edilən konsert verib, qədim Səmərqənd şəhərində çıxış ediblər. Azərbaycan musiqisinə Özbəkistanda olan marağı nəzərə alaraq albom hazırlanıb və iyulun 4-də Daşkənddə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində də albomun təqdimatı keçirilib. Bakıda Xətai Sənət Mərkəzində keçirilən təqdimat da müvafiq tədbirin davamıdır.
Gənc xanəndə Aytən Məhərrəmova albomun hazırlanmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə çap olunan nəşrlər sərgilənib.
Qeyd edək ki, Aytən Məhərrəmova və "Aypara" muğam üçlüyü haqqında məlumatların yer aldığı "Ana yurdum" albomuna xanəndənin 23 muğam, təsnif, xalq və bəstəkar mahnıları daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB