Azərbaycan nümayəndəliyi beynəlxalq konfransda iştirak edib FOTOLAR

Azərbaycan nümayəndəliyi beynəlxalq konfransda iştirak edib FOTOLAR

Qətər Dövlətinin Doha şəhərində, İslam İncəsənəti Muzeyində (Museum of İslamic Art) UCL-Londonun Birləşmiş Kolleclər təşkilatının (United College London), Qətər Milli tədqiqat Fondunun dəstəyi ilə Ərəb Muzeylərinin fəaliyyətinə və inkişafına həsr edilmiş beynəlxalq konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfrans ilk dəfə 2012-ci ildə Britaniya Muzeyində, Ərəb təhsili mövzusunda keçirilib. Bu dəfə İslam İncəsənəti Muzeyində keçirilən növbəti konfransda muzeylərin ölkə regionlarının inkişafına təsiri, muzeylərdə qorunub saxlanılan kolleksiyaların nümayiş etdirilməsi, eksponatların tarixinin müəyyən olunması, şəxsi muzeylərin inkişafı, muzey işinin daha effektiv inkişafına dair konsepsiyaların, proqramların hazırlanması, müasir incəsənət muzeyləri üçün xüsusi proqramların təşkili və s. mövzular təqdim olunmuş, müzakirələr aparılıb.

Ayrıca olaraq Doha şəhərində fəaliyyət göstərən İslam İncəsənəti Muzeyi (MİA), Müasir İncəsənət Muzeyi, Küveyt Muzeyləri, Bəhreynin Al-Xamis Məscid-Muzeyi, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyətdə olan Luvr Abu Dabi muzeylərinə həsr olunmuş geniş təqdimatlar olub.

Bundan əlavə "Qloballaşma və muzeylər", "Muzeylər və ictimaiyyət", "Təhsil", "İctimai muzeylər", "Muzeydən kənarda", "Muzey memarlığı və onun yerləşdiyi məkan" kimi mövzulara dair mühazirələr oxunub.

Konfransın işində Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun nümayəndələri-Muzey işi sektorunun müdiri Azadə Hüseynova və həmin sektorun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva iştirak ediblər. Ərəb Muzeyləri ilə işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi məqsədilə görüşlər keçirilib. İslam İncəsənəti Muzeyinin Konservasiya laboratoriyasının (MİA lab) müdiri Aristoteles Sakellariou ilə laboratoriyanın fəaliyyəti haqqında söhbət aparılmış və istisna olaraq məhz Azərbaycan nümayəndə heyəti üçün laboratoriyaya baxış keçirilməsinə icazə verilib. Baxış zamanı laboratoriyanın fəaliyyəti, burada yerləşən yüksək səviyyəli texniki avadanlıqla tanış olmaq imkanı yaranıb. Gələcəkdə İslam İncəsənəti Muzeyinin konservasiya laboratoriyası (MİA lab) və Muzey Sərvətləri və xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi arasında əməkdaşlığın qurulmasına maraq bildirilib.

UCL-Londonun Birləşmiş Kolleclər təşkilatının (United College London) Qətər Əmirliklərindəki filialının məruzəçisi Karen Exellə işgüzar görüş keçirilib. Görüş zamanı Azərbaycanın ali təhsil ocaqlarının muzey fakultələrində təhsilin gücləndirilməsi üçün xüsusi proqramın yaradılması ilə bağlı əməkdaşlığın qurulmasına razılıq əldə edilib.

Konfransın son günündə YUNESCO-nun, İCOM-un nümayəndələrinin sədrliyi ilə geniş dəyirmi masa keçirilib və YUNESKO Dünya Mədəniyyət Mirasları siyahısında olan qoruq-muzeylər haqqında müzakirələr aparılıb.

Konfrans çərçivəsində İslam Mədəniyyəti, Şeyx Faisal Bin Qassim Al Tani muzeyləri ilə tanış olmaq üçün şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə