“Çəkisizliyin yükü” kitabının Azərbaycan dilində təqdimatı olub

“Çəkisizliyin yükü” kitabının Azərbaycan dilində təqdimatı olub

Bu gün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evində Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevskinin "Çəkisizliyin yükü" kitabının Azərbaycan dilində təqdimatı olub. SİA-nın məlumatına görə, Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev polşalı kosmonavtı və onun həyat yoldaşını səmimiyyətlə salamlayaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

F.Babayev bildirib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsərlərini 50 dildə, o cümlədən polyak dilində dünya oxucularına çatdırır. Miroslav Hermaşevskinin "Çəkisizliyin yükü" kitabı da Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) Tərcümə Laboratoriyasında polyak dilindən Azərbaycan dilinə tərcümə olunub. Kitabın tərcüməçiləri Sonya Piriyeva, Vüsalə Mustafayeva və Yelana Karetina, məsul redaktoru Fuad Babayevdir.

Daha sonra Miroslav Hermaşevskinin həyat və fəaliyyətinə həsr olunan vidoçarx nümayiş olunub.

Kosmonavtın ömür yoluna həsr edilmiş klipin nümayişindən sonra M.Hermaşevski çıxış edib. Bakıya səfərindən duyduğu mənunluğu dilə gətirən polşalı qonaq, onu ölkəmizə dəvət edən və kitabının Bakıda çap etdirilməsi təşəbbüsünü irəli sürən və dəstəkləyən millət vəkili Elxan Süleymanova minnətdarlığını bildirib. Bakının gözəlliyindən və şəhərimizin inkişaf sürətindən danışan M.Hermaşevski, təqdim olunan kitab və kosmosa uçuşu barədə ətraflı məlumat verib.

Sonda görüş iştirakçılarının suallarını cavablandıran M.Hermaşevski, kitablarını xatirə imzası ilə oxuculara bağışlayıb.

Qeyd edək ki, M.Hermaşevski səfər dövründə həmçinin "Azərkosmos" müəssisəsində, Şamaxı rayonunda, bu rayondakı rəsədxananın kollektivi ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə