Azərbaycan Dövlət Film Fondunda xalq artisti Məlik Dadaşovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Yubiley mərasimində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə, "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov və başqaları aktyorun mənalı ömür yolundan və sənət fəaliyyətindən danışıblar.
Bildirilib ki, Məlik Dadaşov 1924-cü ildə Bakıda dünyaya gəlib. Orta məktəbi bitirəndən sonra təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində, həm də A.Zeynallı adına Musiqi Texnikumunda davam etdirib. O, əvvəlcə Gənc Tamaşaçılar Teatrında, Zaqatala Dövlət Dram teatrında sonra Şəmkir Dövlət Dram teatrında aktyor kimi çalışıb.
M.Dadaşov 1947-ci ildə çəkilmiş "Fətəli xan" tarixi-bioqrafik filmində Sərdar xanın hərbi rəisi rolunda çıxış edib.
Tarixi keçmişimizdən bəhs edən "Dəli Kür" bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilib. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq "Axırıncı aşırım" filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.
Görkəmli aktyor "Birisi gün, gecəyarısı", "O dünyadan salam", "Fəryad", "Hacı Qara" kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara da ekran həyatı verib.
Məlik Dadaşov "Özbəkfilm"in istehsal etdiyi "Təyyarələr enmədi" filmində Yəhya, "Moldovafilm"in çəkdiyi "Dmitri Kantemir" filmində vəzir, "Belarusfilm"də istehsal olunmuş "Müsahibə götürən adam" filmdə Niyazxan rollarında çəkilib.
Qeyd edək ki, tədbir iştirakçıları fondun foyesində M.Dadaşovun həyatının və aktyorluq fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgiyə baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB