“Dünya uşaqların gözü ilə”

Azərbaycan Milli İncəsənət Muzeyində Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının nəzdində fəaliyyət göstərən "Art studiya"nın layihəsi çərçivəsində "Dünya uşaqların gözü ilə" mövzusunda rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş sərgidə Tatyana Kesarın yetirmələrinin Avropa şəhərlərinin ən yaxşı qalereyalarında sərgilənən əsərləri nümayiş olunur.

Sərgidə "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev və "Art studiya"nın rəhbəri, rəssam Tatyana Kesar çıxış edərək, sərginin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Uşaq-Gənclər Yaradıcılıq Sarayının nəzdindəki "Art studiya" 25 ildən artıqdır fəaliyyət göstərir. Bu müddətdə studiyanın tələbələri dəfələrlə Yaponiya, Fransa, ABŞ, Polşa, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən fərqli beynəlxalq rəsm və təsviri sənət sərgilərinin iştirakçıları və qalibləri olublar. Studiyanın tələbələrindən Anar Mustafayev 1993-cü ildə Yaponiyada beynəlxalq uşaq rəsm müsabiqəsində gümüş medalla mükafatlandırılmış, digər istedadlı gənc Afaq Bəşirova 2006-cı ildə Fransada keçirilən beynəlxalq müsabiqənin qalibi olub.

Diqqətə çatırılıb ki, studiyanın yetirmələri Münəvvər Muxtarovanın və Kamilla Hacıyeva-Tsiperoviçin əsərləri Berlin Muzeyinin ekspozisiyasına daxil olub.

Qeyd edək ki, iyunun 6-dək davam edəcək sərgidə "Güllər", "Mənim Xəzərim", "Mavi at sürən", "Dərviş", "Ağ yasəmən" və digər əsərlər nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə