İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilmiş elmi sessiya FOTO

İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilmiş elmi sessiya FOTO

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli dramaturq, Xalq Yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə elmi sessiya keçirilmişdir.

AMEA-dan bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə akademiyanın foyesində Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil edilmiş, görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığını əhatə edən film və kitab sərgisi ilə tanış olmuşlar.

Akademiyanın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dövlətimizin başçısı tərəfindən ölkəmizdə elm və mədəniyyət xadimlərinə göstərilən yüksək diqqət və qayğını önə çəkərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Azərbaycanın Xalq Yazıçısı, Dövlət mükafatı laureatı, böyük ədib, görkəmli dramaturq və ictimai xadim İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında lirik-psixoloji nəsrin əsas yaradıcılarından biri olduğunu qeyd edən akademik İsa Həbibbəyli görkəmli yazıçının həyat və yaradıcılığından ətraflı bəhs etmişdir. Bildirmişdir ki, 1939-cu ildə qələmə aldığı "Kənddən məktublar" əsərində də, bundan 30 il sonra yazdığı "Körpüsalanlar" romanında da yazıçı öz əsərləri ilə lirik-psixoloji nəsri inkişaf etdirmişdir.

Akademik İsa Həbibbəyli XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin keçmiş sovet dövrünün istehsalat proseslərini, ictimai motivlərini daha çox qabartmadığını, bununla da yeni obrazlar sistemi yaratdığını nəzərə çatdırmışdır. Qeyd etmişdir ki, Cəfər Cabbarlı vasitəsilə başlayan və digər yazıçı və şairlərimizlə davam etdirilən müasir cəmiyyətin demokratikləşməsi prosesini önə çəkən Xalq Yazıçısı xüsusilə qadın obrazlarından bacarıqla istifadə etmişdir. Onun təkcə "Körpüsalanlar"ındakı Səriyyə obrazından dolğun bir kitab yazmaq mümkündür. Görkəmli yazıçı müasir insanın mənəviyyatını, iç dünyasını, ümumiyyətlə, real insan obrazını ədəbiyyata gətirmişdir.

Xalq Yazıçısı İlyas Əfəndiyevin insanları aydınlığa aparan, hər biri hətta bir neçə yüz dəfə tamaşaya qoyulmuş pyesləri Azərbaycan teatrının inkişafında yeni mərhələ kimi səciyyələndirilmiş, bu gün də cüzi rejissor düzəlişləri ilə həmin əsərləri yenidən tamaşaya qoymağın mümkünlüyü və müasir cəmiyyətin formalaşmasında bu gün ona ehtiyac da duyulduğu xüsusi vurğulanmışdır.

Elmi sessiyada filologiya elmləri doktoru, professor Şirindil Alışanlının "Milli bədii fikrin inkişafında İlyas Əfəndiyev fenomeni", filologiya elmləri doktoru Tehran Əlişanoğlunun "İlyas Əfəndiyevin romanlarında sosial utopiya", filologiya üzrə fəlsəfə doktoru Safurə Quliyevanın "İlyas Əfəndiyevin dramlarında sosial mühit" və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun "İlyas Əfəndiyev və teatr" mövzularında məruzələri dinlənilmişdir.

Məruzələrdə Xalq Yazıçısının yaradıcılığına ətraflı nəzər salınmış, müxtəlif səpkili əsərləri geniş elmi təhlilə cəlb edilmişdir. Burada yazıçının ədəbi irsi, yaradıcılıq axtarışları, obrazlarda yaşadılan fikir və düşüncələri, ədəbiyyata müasir roman tipi gətirməsi, yeni dövr gəncliyinin tipik obrazlarla ifadəsi, milli dramaturgiyamızda yeni üsluba imza atması, əsərlərində mənəvi-əxlaqi dəyərlərə xüsusi önəm verilməsi kimi məsələlərdən əhatəli söhbət açılmışdır.

Ədəbiyyat İnstitutunda hazırlanan çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin altıncı cildində Xalq Yazıçısı İlyas Əfəndiyevin də yaradıcılığına geniş yer verildiyi qeyd edilmiş, lakin bunun kifayət etmədiyi, yeni dövrün işığında görkəmli yazıçı haqqında ümumiləşmiş monoqrafik tədqiqatlara ehtiyac duyulduğu diqqətə çatdırılmışdır.

Elmi sessiyanın gedişində Azərbaycanın Xalq Yazıçısı, Dövlət mükafatı laureatı, böyük ədib, görkəmli dramaturq və ictimai xadim İlyas Əfəndiyevin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən slaydlar nümayiş olunmuşdur.

Tədbirdə elmi ictimaiyyət nümayəndələri, akademiyanın humanitar elmlər sahəsində çalışan alim və tədqiqatçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə