Müsabiqədə Günay Bədəlova ikinci oldu FOTOLAR

Müsabiqədə Günay Bədəlova ikinci oldu FOTOLAR

Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə dəstəyi ilə "Birinci ol" şüarı altında II Beynəlxalq "Univision" tələbə mahnı müsabiqəsinin final şousu keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq səhnəyə müsabiqədə iştirak edən ölkələrin təmsilçiləri çıxıblar. 21 ölkənin qatıldığı müsabiqədə hər birindən ali və orta ixtisas təhsili müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan 1 tələbə ifaçı və 1 münsif iştirak edib.

Yarışmadan əvvəl Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək 3 il bundan əvvəl başlanan bu mahnı yarışmasının indi beynəlxalq mahiyyət kəsb etməsinin qürurverici hal olduğunu diqqətə çatdırıblar.

Natiqlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərə hərtərəfli diqqət və qayğı göstərildiyini xüsusi vurğulayaraq belə layihələrin istedadlı gəncləri üzə çıxarmaq baxımından əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıblar. İkinci dəfə təşkil olunan Beynəlxalq "Univision" tələbə mahnı müsabiqəsinin MDB ölkələrində və Avropada geniş vüsət aldığını qeyd edən nazirlər bildiriblər ki, beynəlxalq müsabiqənin coğrafiyası ilbəil genişlənir.

Müsabiqənin gənclər tərəfindən sevildiyini qeyd edən çıxışçılar səhnədə maraqlı musiqi nömrələri olacağına və ən güclülərin qalib gələcəyinə əminliklərini ifadə ediblər

İlk olaraq səhnəyə çıxan Braziliya təmsilçisinin çıxışı alqışlarla qarşılanıb. Sonra Serbiya, Yunanıstan, Vyetnam, Rusiya, Pakistan, Argentina, Azərbaycan, Estoniya, İordaniya, Macarıstan, Moldova, Fransa, Xorvatiya, Ukrayna, Belarus, Şri-Lanka, İndoneziya, Qırğızıstan, Albaniya və Qazaxıstan təmsilçiləri bir–birindən maraqlı musiqi nömrələri ilə əsl şou göstəriblər.

Beynəlxalq müsabiqədə ölkəmizi tələbələrin III "Univiziya" mahnı müsabiqəsinin qalibi, "ADA" Universitetinin tələbəsi Günay Bədəlova təmsil edib.

Səsvermənin nəticələrinə əsasən, İndoneziya təmsilçisi müsabiqənin qalibi olub. Azərbaycan və Ukrayna təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər. Qaliblərə pul mükafatı təqdim edilib.

Sonda qalib ölkə olan İndoneziyanın təmsilçisinin ifası yenidən dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə