“Azərbaycan-Çin: iqtisadi əməkdaşlıq təşəbbüsləri” FOTOLAR

“Azərbaycan-Çin: iqtisadi əməkdaşlıq təşəbbüsləri” FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Universitetin Çin dili və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Çin: iqtisadi əməkdaşlıq təşəbbüsləri" mövzusunda elmi-praktiki seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Çin dili və Mədəniyyət Mərkəzinin direktoru, dosent Rafiq Abbasov, Dünya Bankının (DB) Azərbaycan nümayəndəliyinin Maliyyə sektorunun mütəxəssisi Fərid Baxşıyev, universitetin tələbələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Çin dili və Mədəniyyət Mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan-Çin iqtisadi əməkdaşlığı, Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə Çin dövlətinin maliyyə yatırımları haqqında danışıb. R. Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ildə Çin Xalq Respublikasina etdiyi səfər zamanı Azərbaycan-Çin Biznes Forumunda Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı barəsində etdiyi çıxışını xatırladıb.

Dünya Bankının (DB) Azərbaycan nümayəndəliyinin Maliyyə sektorunun mütəxəssisi Fərid Baxşıyev Azərbaycan və Dünya Bankı arasında qurulan iqtisadi münasibətlərdən, əməkdaşlığın əsas sahələrindən, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin inkişafından söz açıb.

ADU–nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri Çinin bank sisteminin inkişafının hazırkı vəziyyəti və perspektivləri, iqtisadiyyatı stimullaşdırmaq üçün Çin maliyyə institutlarının fəaliyyəti, dövlət pul-kredit siyasətinin həyata keçirilməsindən danışıblar.

Seminarda, həmçinin Azərbaycan-Çin iqtisadi əməkdaşlığının gələcək inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirin sonunda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və Mədəniyyəti Mərkəzi tərəfindən hazırlanmış "İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı" adlı kitabı qonaqlara hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə